Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir.
Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın iki üzvü - Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) finala vəsiqə qazanıblar. E.Məmişzadə yarımfinalda əlcəzairli Muhammed Flissini 1-ci raundda texniki nokautla məğlub edib. Boksçumuz finalda kubalı Yosbani Veitia ilə qarşılaşacaq. E.Məmişzadə həm də Rio-de-Janeyro olimpiadasına lisenziya qazanıb.
A.Səlimov isə yarımfinalda braziliyalı Robson Konseysaonu məğlub edib - 3:0. Milli komandamızın üzvü finalda Kubanın digər təmsilçisi Lazaro Alvarezlə üz-üzə gələcək. A.Səlimov da Rio olimpiadasında iştirak etmək hüququ qazanıb.
Pərviz Bağırov (69 kq) yarımfinalda Qazaxıstan nümayəndəsi Daniyar Yeleussinova uduzsa da, Olimpiya Oyunlarına lisenziya əldə edib. 69 kq çəki dərəcəsində finala vəsiqə qazanan Muhammed Rabii WSB liqasından olimpiadaya lisenziyaya sahib olduğundan həmyerlimiz dünya çempionatından verilən 3 vəsiqədən birinə yiyələnib. Amma P.Bağırov oktyabrın 15-də çinli Liu Ve ilə 3-cü yer uğrunda görüşə çıxacaq. Bu, 3-cü yerin sahibini müəyyənləşdirmək üçün döyüş olacaq.
Qeyd edək ki, Abdulqadir Abdullayev də dünya çempionatında bürünc medala yiyələnib. Beləliklə, komandamız tarixdə ilk dəfə olaraq dünya çempionatında 4 medal qazanıb.