...

İlham Zəkiyev Rio Paralimpiya Oyunlarının açılışında milli geyimdə (FOTO/VİDEO)

İdman Materials 8 Sentyabr 2016 15:22 (UTC +04:00)
Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
İlham Zəkiyev Rio Paralimpiya Oyunlarının açılışında milli geyimdə (FOTO/VİDEO)

Bakı. Vüqar İmanov – Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparıb.

Bayraqdarımız İlham Zəkiyevin milli geyimdə olması diqqətə layiq idi ki, bu da olimpiya hərəkatı tarixində yenilik oldu. Geyimin müəllifi Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır. O, Trend-ə hazırlıq işlərinin necə getməsi barədə danışıb.

G.Xəlilova bildirib: "Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iki ay əvvəl mənə zəng vurdu və bayraqdarımızın Rio Paralimpiya Oyunlarının açılışında milli geyimdə olması ideyasını təklif etdi. Bu ideya çox xoşuma gəldi, mən də böyük məmnuniyyətlə belə geyimin tikilməsi üzərində işə başladım. İşlər həqiqətən maraqlı, eyni zamanda pəhləvanımızın ölçüsünü nəzərə alaraq bir o qədər çətin idi – onun üçün 3 nəfərin ölçüsündə geyim tikməli olduq (gülür). Eyni zamanda, işləri gizli saxlayırdıq ki, hamı üçün xoş sürpriz olsun. İlqar Rəhimov və vitse-prezident Natiq Qasımov bu işə böyük məsuliyyətlə və diqqətlə yanaşdılar, geyimin əyinə ölçülməsində iştirak etdilər, açılışda milli geyimin ən yaddaqalan olması üçün məsləhətləşirdik. Belə də oldu! İlham Zəkiyev bütün bayraqdarlardan xeyli fərqlənirdi və onun açılışda milli geyimdə iştirakı çox böyük maraq doğurdu. Bildiyimə görə, bu, olimpiya hərəkatının tarixində yenilik oldu. Bu da çox sevindirir və hamımıza böyük qürur hissi verir. Rioda bizim bütün paralimpiyaçılarımıza böyük uğurlar arzulayıram"!

Sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.

Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımız 64 qızıl, 57 gümüş, 40 bürünc olmaqla 161 medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti