Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Gimnastika Federasiyası bir daha yüksək təşkilatçılıq nümunəsi nümayiş etdirdi.
Bunu Trend-ə Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarını izləyən azarkeş Azər Əhmədov deyib:
"Bu artıq 3-cü və ya 4-cü yarışdır ki, mən bu arenadan izləyirəm. Mənim oğlum da gimnastika ilə məşğul olur və biz beynəlxalq yarışları böyük zövqlə izləməyi sevirik. Bu arenada hər şey yüksək səviyyədə təşkil olunub və buna görə mən Milli Gimnastika Federasiyasına təşəkkür edirəm".
Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilir.
Buenos-Ayresdə təşkil olunacaq (6-18 oktyabr, 2018-ci il) bu Oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlanacaq.
Qeyd edək ki, ilin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparır.
Ölkəmizi bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edir.
Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.