Bakı. Trend:
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətinə yeni futbolçular cəlb edib. Belə ki, akademiyamızın yetirmələri və əvəzedici komandamızın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalanıb.
Klubdan Trend-ə verilən məlumata görə,Rüfət “Sumqayıt” FK-da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.
U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub. Qeyd edək ki, Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.