...

İslam Həmrəyliyi İdman Federasiyasının komitə üzvləri növbəti oyunların keçiriləcəyi Konyada olublar (FOTO)

İdman Materials 24 Mart 2022 14:50 (UTC +04:00)
İslam Həmrəyliyi İdman Federasiyasının komitə üzvləri növbəti oyunların keçiriləcəyi Konyada olublar (FOTO)

Bakı. Trend:

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Nəzarət və Koordinasiya Komitəsi ilə V İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvləri arasında görüş keçirilib.

Görüş zamanı təyin olunmuş idman obyektləri və qurğuları, beynəlxalq nümayəndələrin əraziyə səfəri, nümayəndə heyətləri rəhbərlərinin səfər proqramı, açılış və bağlanış mərasimləri üçün Təşkilat Komitəsinin planı, ümumi reqlament və texniki kitabçalar, idman proqramı ilə bağlı məsələlər müzakirə edilib. Qeyd edək ki, İHİF Nəzarət və Koordinasiya Komitəsinin üzvü olan Könül Nurullayeva da görüşdə iştirak edərək, fikir və təkliflərini səsləndirib. Bundan əlavə, İHİF-in Birinci Vitse-prezidenti, Nəzarət və Koordinasiya Komitəsinin rəhbəri Hamad Kalkaba Malboum, Dünya Kamandan Oxatma Federasiyasının Vitse-prezidenti Kazi Racib Uddin Çapol, Tunis Milli Olimpiya Komitəsinin keçmiş Prezidenti Mohommed Adel Zahra, İHİF-in Texniki işlər üzrə İdarə şöbəsinin rəhbəri Əşrəf Dahrouq, Türkiyənin gənclər və idman nazirinin müavini Halis Yunus Ərsöz, o cümlədən Konya Böyükşəhər Bələdiyyəsinin rəhbərliyi, Türkiyənin milli federasiyalarının rəhbərləri, Təşkilat Komitəsinin şöbə müdirləri görüşdə iştirak edənlər arasında olub, produktiv fikir mübadiləsi aparıblar.

"Konya 2021" V İslam Həmrəyliyi Oyunlarına görülən son hazırlıq işləri ilə tanışlıq məqsədilə İHİF Nəzarət və Koordinasiya Komitəsinin üzvləri daha sonra Velodrom Meydanı, Olimpiya Hovuzu, Atletika meydançası, Qrand Millenium Zalı, Ağır Atletika Arenası kimi tikilməkdə olan idman obyektlərini, eləcə də mehmanxanaları və xəstəxanaları ziyarət edib, oradakı işlərin gedişatı ilə tanış olublar. Onlar, eyni zamanda Marketinq və Televiziya Yayımları Komissiyasının, Media Komissiyasının, Antidopinq və Tibb Komissiyasının rəhbərləri ilə görüş keçirib, Konyada davam etməkdə olan hazırlıq işləri ilə əlaqədar fikirlərini bölüşüblər.

Ayrıca, 52 üzv dövlətin nümayəndə heyətlərinin başçılarının iştirakı ilə hibrid formada iclas keçirilib. İclasda viza müraciət sistemi, akkreditasiya sistemi, nəqliyyat, tibbi protokol və xidmətlər, antidopinq nəzarəti, logistika xidmətləri, bilet sistemi, media və televiziya yayımı prosesinin təşkili və s. bu kimi məsələlər müzakirə olunub. Nəzərinizə çatdıraq ki, sonda isə Türkiyənin aparıcı media mənsublarının iştirakı ilə İHİF Nəzarət və Koordinasiya Komitəsinin Konya şəhərində mətbuat konfransı baş tutub. Mətbuat konfransı zamanı media nümayəndələrini maraqlandıran suallar komitə üzvləri tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti