...

Əsas məqsəd effektiv strategiyanı qurmaq və gələcək uğurların təməlini qoymaqdır - Elnur Məmmədov (MÜSAHİBƏ)

İdman Materials 10 İyun 2022 11:02 (UTC +04:00)
Əsas məqsəd effektiv strategiyanı qurmaq və gələcək uğurların təməlini qoymaqdır - Elnur Məmmədov (MÜSAHİBƏ)

Bakı. Trend:

2022-ci ilin ilk yarısı başa çatmaq üzrədir. Yarım il digər sahələrdə olduğu kimi, gənclər siyasəti və idman sahələrində də bir sıra əlamətdar hadisələr, yaddaqalan tədbirlərlə zəngin oldu. Görülən işlər, əldə edilən nəticələr və qarşıdakı hədəflərlə bağlı Trend-in suallarını Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov cavablandırıb.

- İlin ilk yarısını Azərbaycan idmanı üçün necə dəyərləndirirsiniz?

- 2022-ci il ölkə idmanı üçün bir tərəfdən islahatların davamı, digər tərəfdən isə idmançılarımızın uğurları ilə müşaiyət olunur. Ölkə idmanında aparılan islahatların əsas məqsədi effektiv strategiyanın qurulması və gələcək uğurların təməlini qoumaqdır. Yanvardan başlayaraq, həm daxili yarışların təşkili ilə idmançıların seçimi aparılıb, həm də beynəlxalq yarışlarda uğurlu çıxışlar davam edib.

- Əsas uğurlar hansı növlərdə qazanılıb?

- Ölkəmiz üçün ənənəvi olan növlərdə uğurlar daha çox oldu. Güləşin həm sərbəst, həm də yunan-Roma növlərində eyni zamanda komanda hesabında ölkəmizin Avropa çempionluğu indiyədək olmamış uğur kimi tarixə yazıldı. Gimnastika, atıcılıq, cüdo, qılıncoynatma və digər növləri də uğurlu saymaq olar.

- Güləşçilərin uğurlu çıxışları dövlət başçısı tərəfindən də yüksək qiymətləndirilib.

- Bu ilin ilk yarısında güləşçilərimizin qitə çempionatında çıxışları hər birimizi xüsusən sevindirdi. Əvvəlcə 23 yaşadək güləşçilərimiz Avropa çempionatının qalibi oldular. Ardınca isə, tarixində ilk dəfə olaraq həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız da eyni çempionatın ən yaxşısı oldular. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də gəncləri, aprelin 8-də isə böyüklərdən ibarət güləş komandamızı güləşçilərimizi qəbul edib. Güləş komandalarımızın Avropa birincisi olmasını yüksək qiymətləndirən cənab prezident xüsusi olaraq qeyd etdi ki, həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır, güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır. Hər iki görüşdən sonra Azərbaycan Prezidentinin Güləş Federasiyasına maliyyə ayrılması haqqında sərəncamları dövlətin idmana qayğısının növbəti nümunəsi oldu.

- Qarşıda bizi hansı irimiqyaslı, məsul yarışlar gözləyir?

- Bu ilin əsas hədəfləri sırasında sözsüz idmançılarımızın beynəlxalq uğurlarının təmin edilməsini xüsusi qeyd etmək lazımdır. Avqustda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. Oyunların keçiriləcəyi Türkiyənin Konya şəhərinə geniş nümayəndə heyəti ilə yollanacağıq. 22 idman növündə, 300-dək idmançı ilə təmsil olunacağıq. İnanırıq ki, bundan öncəki Oyunların evsahibi olmuş idmançılarımız qardaş ölkədən də uğurla qayıdacaqlar. Həmçinin Dünya Oyunları, Avropa Yeniyetmələrin Olimpiya Festivalında da idmançılarımızın uğurla çıxış edəcəyinə inanırıq.

- Formula 1 yarışlarına lap az vaxt qalır.

- Hətta mən deyərdim ki, vaxt qalmır. Artıq hazırlıqlar tamamlanıb və bütün formula həvəskarlarının diqqəti Bakıya yönəlib. 6-cı dəfə təşkil ediləcək Azərbaycan Qran Prisi ötən ildən fərqli olaraq, bu il tamaşaçılara açıq olacaq. Bu məqsədlə ölkəmizə gəlmiş çoxsaylı turistləri də paytaxtımızda görmək olur. İnanıram ki, həm iqtisadi, həm də nüfuz baxımından Azərbaycana faydalı olan bu möhtəşəm yarış uğurla yekunlaşacaq.

- Bəzən Olimpiya İdman Komplekslərinin ödənişli olması ilə bağlı fikirlər səslənir.

- Olimpiya kompleksləri təsərrüfat hesablı müəssisə olduqları üçün infrastrukturun qorunub saxlanması, inkişaf etdirilməsi üçün gəlir əldə etməlidirlər. Lakin dövlət həmin idman mərkəzlərində olimpiya idman növlərində məşğələlərin tam ödənişsiz olmasını təmin edir. Əsas məqsəd bölgələrdə idmanın inkişafı və kütləviliyə nail olmaq, istedadlı gənc idmançıları tapıb üzə çıxarmaqdır. Nazir Fərid Qayıbov da hər ay ayrı-ayrı bölgələrə səfər edir, Olimpiya İdman Komplekslərinin vəziyyəti ilə maraqlanır, fəaliyyətin daha da optimallaşdırılması yollarını müzakirə edir və müvafiq tövsiyələr verir. Komplekslərin fəaliyyətinin normal təmin edilməsi, xüsusən də üzgüçülük hovuzlarının fasiləsiz fəaliyyəti diqqət mərkəzində saxlanılır.

- İslahatlar federasiyaların da fəaliyyətində nəzərə çarpır.

- Federasiyalar ictimai birlik olaraq öz fəaliyyətlərində müstəqildirlər. Lakin ölkəmizdə fəaliyyət göstərən hər bir idman təşkilatında şəffaflıq və düzgün idarəetmə sisteminin qurulması vacibdir. Qanun tələblərinə uyğun olaraq idman federasiyalarının hesabat-seçki yığıncaqları keçirilir, fəaliyyəti olmayan və yaxud hüquqi tələblərə cavab verməyən federasiyaların nazirlik tərəfdən statusunun ləğv edilməsi haqqında Kollegiya qərarları qəbul edilir.

- Mart ayında nazirlik yeni loqo və brendinqi ilə gündəmə gəldi.

- Loqonun dəyişməsi müasir tələblərə uyğunlaşmaq, günbəgün inkişaf edən və dünya arenasında təmsil olunmaq üçün yaranan zərurətdən irəli gəlirdi. Yeni loqonun hansı meyarlar əsasında seçildiyini də ictimaiyyətə açıqlamışıq. Əsas diqqət ölkəmizim qısadılmış adı və gənclik, idmançı enerjisi.

- Yeri gəlmişkən, loqonun baha qiymətə hazırlanması ilə bağlı fikirlər də səsləndi.

- Sosial şəbəkələrdə loqo mövzusu çox müzakirə olundu. Əlbəttə bu normal haldır. İstənilən fikrə də hörmətlə yanaşırıq. Lakin təəssüf ki, fikrini ifadə edərkən etik qaydalardan kənara çıxanlar da oldu. Bir çoxları loqoya görə xərclənən məbləği şişirdilmiş şəkildə ictimailəşdirməyə çalışdı. Halbuki, müsabiqənin qalibi olmuş “Paradoks”a min beş yüz manat mükafat ödənilib.

- Son zamanlar ADBTİA-ya qəbul zamanı, qabiliyyət imtahanları ilə bağlı cəmiyyətdə neqativ fikirlər dolaşır.

- Hazırda bizdə də bu barədə siqnallar var. Bununla bağlı işçi qrup yaradılıb. Əgər kimsə neqativ hallarla rastlaşsa, xahiş edirik, bizə dərhal məlumat versin. Daxil olacaq hər hansı şikayətə operativ reaksiya veriləcək və ciddi tədbirlər görüləcək. O ki, qaldı qəbul standartlarına, bu istiqamətdə də işlər aparılır və növbəti il üçün normaların təkmilləşdirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti