...

Azərbaycanla BMT Əhali Fondu arasında "Fəaliyyət Planı” imzalanıb

İqtisadiyyat Materials 21 Fevral 2017 16:10 (UTC +04:00)
“Azərbaycan Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.
Azərbaycanla BMT Əhali Fondu arasında "Fəaliyyət Planı” imzalanıb

Bakı. Trend:

“Azərbaycan Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sənədi Azərbaycan Hökuməti tərəfindən ƏƏSMN, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi imzalayıblar.

Qeyd olunan Ölkə Proqramı BMT Əhali Fondu ilə Azərbaycan Hökuməti arasında dördüncü Proqram olmaqla 2016-2020-ci illəri əhatə edir və hökumət, vətəndaş cəmiyyəti, BMT qurumları, digər əsas iştirakçı tərəflərlə birgə müzakirələr şəraitində hazırlanıb. Yeni Ölkə Proqramı Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasındakı milli inkişaf prioritetlərinə, BMT və Azərbaycan arasında olan Tərəfdaşlıq Çərçivə Sənədinə töhfə vermək, həmin dövr ərzində strateji hədəflərin müəyyən olunması və tədbirlərin həyata keçirilməsi məqsədinə yönəlib. Proqramda Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın, BMT Əhali Fondunun 2014-2017-ci illər üzrə Strateji Planının, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin sağlamlıq və rifah üzrə 3-cü, keyfiyyətli təhsil üzrə 4-cü və gender bərabərliyi üzrə 5-ci hədəfləri rəhbər tutularaq hazırlanıb.

“Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” BMT-nin birgə proqramlaşma və qurumlararası əməkdaşlığın daha dinamik olmasına xidmət edərək, resursların səfərbər olunması və daha çox birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradacaqdır. Fəaliyyət Planı üç nəticəyə istiqamətlənib: cinsi və reproduktiv sağlamlıq, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, əhalinin dinamikası. Planda bu istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər geniş miqyasda əhatə olunub.

Sənəddə ilk növbədə Azərbaycanda əhali və inkişaf sahəsində mövcud vəziyyət təhlil edilir. Bildirilir ki, ölkə dövlət müstəqilliyini yenidən əldə etdikdən sonra qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiya da daxil olmaqla insan hüquqları sahəsində xeyli sayda beynəlxalq sazişlərə qoşulub. Bərabərlik və ayrı-seçkiliyə dair müddəalar ölkə qanunvericiliyində əksini tapıb. Hökumət Minilliyin İnkişaf Hədəfləri, Əhali və İnkişaf üzrə Beynəlxalq Konfrans kimi müxtəlif beynəlxalq inkişaf platformalarının tövsiyələrini yerinə yetirmək üçün öhdəliklər götürüb. Hər on ildən bir əhalinin siyahıya alınması, demoqrafik və tematik sorğuların keçirilməsi, eləcə də ölüm-doğum qeydiyyat sistemləri vasitəsilə etibarlı sosial-iqtisadi və demoqrafik məlumatların hasil edilməsi sahəsində Azərbaycanda kifayət qədər nailiyyətlər əldə edib. Planda həmçinin üçüncü Ölkə Proqramının (2011-2015) milli prioritetlər və beynəlxalq inkişaf üzrə müvafiq mexanizmlərə yüksək dərəcədə uyğunluğunun müəyyən edildiyi vurğulanır, qiymətləndirmə zamanı cinsi və reproduktiv sağlamlıq, hüquqlar, əhalinin sayının dinamikası və s. sahələr üzrə qeydə alınmış əsas nailiyyətlər diqqətə çatdırılır.

Ümumilikdə qeyd olunan Fəaliyyət Planında yeniyetmələr, gənclər və əhalinin həssas qrupları diqqət mərkəzində olmaqla inteqrasiya edilmiş cinsi və reproduktiv sağlamlıq xidmətlərini təmin etmək məqsədilə hüquqi və siyasi mexanizmlərin gücləndirilməsi, gender bərabərliyi və reproduktiv hüquqlar üzrə insan hüquqları sahəsində beynəlxalq mexanizmlərə uyğunluğu monitorinq etmək üçün milli bacarıqların inkişaf etdirilməsinin dəstəklənməsi tədbirləri əhatə olunub. Həmçinin əhalinin dinamikası proseslərinin cinsi və reproduktiv sağlamlıq və hüquqlarla qarşılıqlı əlaqələrinə dair dəlilləri özündə əks etdirən, eyni zamanda şəffaf və insan hüquqlarına əsaslanan proqramların hazırlanması və həyata keçirilməsi prosesini dəstəkləmək məqsədilə milli institusional potensialın təkmilləşdirilməsi fəaliyyət istiqamətləri sırasında qeyd olunur.

Bildirilir ki, BMT Əhali Fondu demoqrafiya üzrə müvafiq milli prioritetlər əsasında ölkədə əhali ilə əlaqədar proqram və siyasətlərin planlaşdırılması, həyata keçirilməsi, inkişaf etdirilməsi və monitorinqin aparılmasında ələqaləndirici qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın davamı kimi, BMT Əhali Fondunun dəstəyi ilə ölkədə bu sahədə 2025-ci ilədək olan dövr üçün strategiyanı müəyyənləşdirən yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Bu Dövlət Proqramı qəbul olunduqdan sonra ekspertiza və texniki yardım göstərilməsi vasitəsilə BMT Əhali Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müvafiq maraqlı tərəflər ilə əməkdaşlıq edəcək.

Fəaliyyət Planında görüləcək işlərlə bağlı Tərəfdaşlıq Strategiyası qeyd olunub, monitorinq və qiymətləndirmənin, Proqram idarəçiliyinin həyata keçirlməsi məsələləri, qarşılıqlı öhdəliklər əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti