...

“Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsi keçirilib (FOTO)

İqtisadiyyat Materials 1 İyun 2017 15:41 (UTC +04:00)
“Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsinin yekun mərhələsi keçirilib.
“Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində Respublikanın şəhər və rayonlarını əhatə edən növbəti, sayca 15-ci “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsinin yekun mərhələsi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin direktoru Ələkbər Məmmədov bildirib ki, uşaq və gənclər arasında vergi biliklərinin artırılması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini nəzərə alaraq 2003-cü ildən başlayaraq hər il Vergilər Nazirliyinin təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsi keçirilir. Müsabiqənin əsas məqsədi vergilər barədə məlumatların uşaqların anlaya biləcəkləri tərzdə onlara çatdırılması, gələcəyin nümunəvi vergi ödəyicilərinin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Onun sözlərinə görə, müsabiqəyə təqdim olunmuş əsərlərdə əks etdirilən vergilərlə bağlı süjetlər gənc nəsildə vergi mədəniyyətinin formalaşmasına xidmət edir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri albom şəklində nəşr olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Nazirliyin inzibati binasının divarlarını bəzəyir və bu ilki müsabiqəyə təqdim edilmiş əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcək.

Qeyd edilib ki, vergilər nazirinin əmri ilə təsdiq edilmiş müsabiqə bir qayda olaraq hər il 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilir. Cari ildə müsabiqənin iki mərhələdə, seçmə və yekun mərhələdən ibarət olmaqla keçirilməsi qərara alınıb. Müsabiqənin seçmə mərhələsi may ayının 15-dək yerli vergi orqanları tərəfindən onların nəzarət əhatələrinə daxil olan şəhər və rayonların orta məktəbləri və uşaq-gənclər yaradıcılıq mərkəzləri üzrə keçirilib. Bu ilki müsabiqə 2017-cı ilin aprel ayından start götürüb, 1030-dan çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub.

Rəsm müsabiqəsi 2 yaş qrupu üzrə (I yaş qrupu – 6-10 yaş, II yaş qrupu – 11-16 yaş), inşa müsabiqəsi isə 9-16 yaş qrupu üzrə keçirilib. İlkin mərhələnin ən yaxşı nəticə göstərmiş şagirdləri növbəti mərhələdə iştirak hüququ qazanıblar. Seçmə mərhələdəki müsabiqələrdə iştirak edən şagirdlərə hədiyyələr, növbəti mərhələdə iştirak hüququ qazanan qaliblərə isə əlavə olaraq müvafiq diplomlar təqdim olunub.

Müsabiqənin yekun mərhələsinin mütəşəkkil və obyektiv keçirilməsi məqsədi ilə müvafiq komissiya yaradılıb və həmin komissiyanın tərkibinə Şamaxı rayon İcra Hakimiyyətinin, Rayon Təhsil şöbəsinin və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin nümayəndələri də daxil edilib.

Tədbirdə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagird və müəllimlərdən ibarət heyət tərəfindən musiqi və rəqs nömrələri nümayiş etdirilib.

Sonra yekun mərhələnin qalibləri elan edilib, onlara diplom və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.

İnşa müsabiqəsində Acalova Zeynəb Vüqar qızı (Akademik Z.Əliyeva adına Texiki fənlər təmaüllü litsey) 1-ci, Niftəliyeva Vəfa Nizami qızı (Sumqayıt şəhəri, 13 nömrəli orta məktəb) 2-ci, Yusifova Aytac Sadiq qızı (Şəki şəhəri, R. Əfəndiyev adına 10 saylı orta məktəb) 3-cü yerə, rəsm müsabiqəsində 6-10 yaş qrupu üzrə Həsənov Murad Sahib oğlu (Zaqatala şəhəri, 3 nömrəli orta məktəb) 1-ci, Allahquliyeva Nurxanım Ramil qızı (Sumqayıt şəhəri, 13 nömrəli orta məktəb) 2-ci, Babayeva Nəzrin Elfan qızı (Şamaxı şəhəri, Avropa litseyi) 3-cü yerə, 11-16 yaş qrupu üzrə isə Ovçiyeva Fərqanə Əfqan qızı (Bakı şəhəri, Estetik Tərbiyə üzrə Respublika TMM-in TS Qalereyası) 1-ci, Muradov Elvin Azərçin oğlu (N. Allahverdiyev adına 3 nömrəli məktəb) 2-ci, (Zarağan kənd, 3 saylı orta məktəb) 3-cü yerə layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti