Bakı. Trend:
Şahdənizin illik iş proqramının bir hissəsi olaraq avqust ayında Şahdəniz Mərhələ 1 platformasında, Səngəçal terminalındakı Şahdəniz qurğularında və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək.
BP-dən Trend-ə verilən məlumata görə, plana əsasən Şahdəniz Mərhələ 1 platformasından hasilat 2017-ci il avqust ayının 14-dən başlayaraq təxminən 14 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bundan əlavə, proqrama Şahdəniz Mərhələ 1 və Mərhələ 2 qurğuları arasında keçid xətti üçün birləşdirmələr, Gürcüstanda 1-ci nasos stansiyasındakı qaz ölçü və təhvilvermə qurğusunun yenidən qurulması kimi müxtəlif layihə işləri də daxildir.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2016-cı ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2017-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilmişdir.
Azəri-Çıraq-Günəşli (AÇG) platformalarının hamısından - Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.
Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.