Bakı. Trend:
Ağıllı düşünülmüş PR metodları ilə aid olduğun qurumun fəaliyyəti və nailiyyətləri düzgün uzlaşdırılanda uğurlu imic formalaşdırmaq mümkündür
Müsahibimiz "AtaHolding”in Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanovadır. Dilarə xanım həmişə yaddaqalan və orijinal layihələri ilə ictimaiyyətin diqqət mərkəzinə gələn və ölkənin iqtisadi həyatına xüsusi töhfəsi, Azərbaycanda təmsil olunan şirkətlər arasında öncül mövqeyi və xüsusi çəkisi olan "AtaHolding”in fəaliyyəti, həyata keçirdiyi son layihələr və əldə etdiyi nailiyyətlərlə bağlı suallarımızı cavablandırır.
- Dilarə xanım, bir peşəkar PR mütəxəssisi olaraq təşkilatların, şirkətlərin imicinin cəmiyyətdə formalaşmasında PR-ın rolu və yeri barədə nələri bildirərdiniz?
- PR – ingilis dilindən tərcümədə ictimaiyyətlə əlaqələr, ictimai kommunikasiyalardır və onu həyata keçirən tərəf özünün məxsus olduğu obyekt haqqında danışır, bu zaman isə ictimaiyyətə ötürülən informasiya kifayət qədər lazımlı və maraqlı olmalıdır. Məhz bu halda, həmin obyekt, başqa sözlə, şirkət və ya təşkilat haqqında cəmiyyətdə maraq və məlumat daha da artmış olur, bu isə PR baxımından olduqca əlverişlidir. Bu kommunikasiya prosesində etibarlılıq və cəmiyyətin etimadını qazanma prinsipi həmişə qorunmalıdır. Bu prinsip isə həmin şirkət və ya təşkilatın həyata keçirdiyi real işlərə, layihələrə, əldə etdiyi nailiyyətlərə əsaslanmalıdır. Belə olduqda, PR daha uğurlu və əsaslı olur. Burada həm də cəmiyyətdə, xüsusən də aid olduğun sferada gedən proseslərin ardıcıl izlənməsi, buna əsasən, strategiya və proqnozlaşdırma aparılması və önə çıxmaq prinsipi əsasdır. Ağıllı düşünülmüş PR metodları ilə aid olduğun qurumun fəaliyyəti və uğurları düzgün uzlaşdırılanda uğurlu imic formalaşdırmaq mümkündür. Bu kimi məqamlar göstərir ki, PR, əslində, reklam və ya marketinqlə müqayisədə, qurumun imici və fəaliyyəti üçün daha böyük strateji önəmə malikdir. Buradan da PR-ın hər bir qurumun fəaliyyətində və imicinin formalaşmasında yeri və rolu aydın görünür. “AtaHolding”, həmişə PR strategiyasında bu cür əsas məqamlara daim diqqət və həssaslıqla yanaşır.
- “AtaHolding” tərəfindən həyata keçirilən son layihələri və nailiyyətləri necə təqdim edərdiniz?
- Bir sıra fəaliyyət və nailiyyətləri sadalamaq yerinə düşər. “Media Consulting & Sevices” şirkətinin apardığı monitorinqə görə, “AtaHolding”ə daxil olan “Excelsior Hotel & Spa Baku” oteli 2017-ci ildə dəfələrlə mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerdə qərarlaşıb. “AtaSığorta” ASC 2017-ci ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında mətbuatda işıqlanan məlumatların sayına görə ikinci yerə çıxıb. “AtaSığorta” ASC-nin yeni xidmətləri haqqında məlumatlar daim opertaiv ictimaiyyətə çatdırılır. Noyabr ayında “AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek” şirkəti tərəfindən yeni ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülmüşdür. Şirkət 2005-ci ildən fəaliyyətini Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) keyfiyyət idarəetmə sisteminin tələbləri əsasında həyata keçirir. Qeyd edim ki, hər il turizm sahəsində “Dünya Səyahət Mükafatları” (World Travel Awards) adlı nüfuzlu tədbir keçirilir. Mükafatlandırma mərasimində müxtəlif ölkələrdə turizmin müxtəlif sahələrində yaxşıların ən yaxşısı seçilir. “World Travel Awards” tədbirində Azərbaycanın ən nüfuzlu otellərinin siyahısı açıqlanıb və “Excelsior Hotel & Spa Baku” oteli Azərbaycan üzrə “İlin ən yaxşı Leading Boutique Hotel 2017” nominasiyasında mükafata layiq görülüb. Əlbəttə ki, bu mükafata layiq görülmənin real əsasları var. Çünki burada beynəlxalq səviyyədə nəzərdə tutulmuş bütün xidmətlər müştərilərə təqdim edilir. “AtaTravel” MMC-nin sponsorluğu ilə “Travel X” tədbiri keçirilib. Tədbirin əsas məqsədi insanları aktiv səyahət etməyə həvəsləndirməkdir. “Excelsior Hotel & Spa Baku” otelində "Musiqi Bayramı 2", "Summer Party" tədbiri, daxili kommunikasiya planına əsasən “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr olunmuş “Nə?, Harada?, Nə Vaxt?” oyunu keçirilib. Qeyd edilənlərdən əlavə, 25 yanvar 2017-cı il tarixində “Excelsior Hotel & Spa Baku” otelində “AtaHolding”in əməkdaşı Elməddin Hüseynov tərəfindən tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırılması, menecmentə sistemli yanaşma” mövzusunda təlim, jurnalist qadınlar arasında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş breyn-rinq, 14 aprel 2017-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion 2017” tədbiri, 14 noyabr 2017-ci il tarixində “AtaTravel” MMC turizm sahəsinə aid ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün turizm və PR mövzusunda seminar keçirilib. Seminarda mövzu üzrə çıxış edənlər “Alibayov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov və “AtaHolding” ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova olmaqla, iştirakçılar turizm sahəsində PR fəaliyyətinin təşkili mövzusunda məlumatlandırılıblar. Bu kimi çoxsaylı tədbirlərlə yanaşı, “AtaHolding” Şirkətlər Qrupu öz ənənəsinə sadiq qalaraq hər il olduğu kimi, bu ildə media nümayəndələri üçün müxtəlif yaddaqalan tədbirlərin keçirilməsini planlaşdırır. Belə ki, ilin sonunda jurnalistlər üçün ənənəvi PR turun təşkil edilməsi nəzərdə tutulub. Tədbirdə “AtaHolding” Şirkətlər Qrupunun 2017-ci ildə PR sahəsində gördüyü işlərin təqdimatı olacaq. Keçirilmiş tədbirlərdən video materiallar və fotoreportajlar nümayiş olunacaq. Şirkətlər Qrupuna daxil olan, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi turizm sahəsində sərfəli, rahat xidmət və müştəri məmnuniyyətini qazanmaqla diqqət çəkir. Dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edən şirkət öz müştərilərinə otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər təklif edir, bu məqsədlə xüsusi endirim və hədiyyə aksiyaları da keçirir. İKT sahəsində uğurla fəaliyyət göstərən “AtaTexnologiya” şirkəti də bu sahəyə aid innovasiyaların tətbiqi, innovativ məhsulların ölkədə təqdimi və əlverişli şərtlərlə satışı, eləcə də texnoloji yeniliklərin carçısı kimi fərqlənməkdədir. Bir sözlə, holdinq fəaliyyət göstərdiyi sahələr üzrə effektivlilik və səmərəlilik, eləcə də keyfiyyət prinsiplərinə hər zaman əməl edir. Onu da əlavə edim ki, “AtaHolding”in məsul işçiləri tərəfindən mütəmadi olaraq mediaya mütəxəssislər və ya holdinq təmsilçisi tərəfindən müsahibələr və açıqlamalar verilir, bunlar ölkənin mötəbər media qurumlarında dərc edilir və ya yayımlanır.
- Müasir cəmiyyətdə şirkətlərin imicində daha çox hansı aspektlərə diqqət yetirilir? Bu baxımdan PR-ın hansı vasitələri daha çox effektivdir?
- Bu gün bu baxımdan qloballaşmaya məruz qalan müasir cəmiyyətdə ciddi dəyişikliklər baş verir. Belə ki, qlobal rəqabət bazarında yeni qaydalar tətbiq edilir, rəqabətlilik qabiliyyətinə, risklərə, qiymətləndirmələrə, işlərin aparılması qaydalarına yanaşmalar dəyişilir. Buna görə də belə bir yeni şəraitdə hər hansı bir şirkətin uğuru təkcə satışın həcminin və gəlirin artırılmasında deyil. Uğur həm də xeyli dərəcədə sosial və ekoloji məsuliyyət, həmçinin şirkətin işgüzar imicinin formalaşmasına nail olmaqdadır. Korporativ auditoriyalar öz seçimini edərkən təkcə malın qiymət və keyfiyyətinə deyil, brendin “ekolojiliyinə”, tanınmışlığına, bütün auditoriya və ya müştərilər tərəfindən qəbuledilənliyinə, qeyri-adiliyinə və digər sosial xarakterlərinə diqqət yetirirlər. Halbuki əvvəllər bu göstəricilər istehlakçılar üçün əhəmiyyət kəsb etmirdi. Şirkətlərin rəqabətqabiliyyətlilik göstəricilərinə həm də “şirkətin cəmiyyət qarşısında missiyası”, “xeyriyyəçilik”, “sosio-mədəni həyatda iştirak”, ictimai rəy liderlərinə münasibət, media vasitələrində qiymətləndirmələr, sosial hesabatlılıq kimi məqamlar əlavə olunub. Şirkətlər bu gün daha çox istehsalda və xidmətlərin təqdimatında cəmiyyətin maraqlarından çıxış etdiklərini göstərməyə çalışırlar. Beləliklə, şirkətlərin işgüzar imicinin formalaşmasına təsir göstərən çoxlu sayda faktorları sadalamaq mümkündür və bu faktorlar hər bir şirkətin PR-ının aparılması zamanı mütləq nəzərə alınmalı və PR əsasən, sadaladığım faktorların üzərində qurulmalıdır. Bu gün şirkətlərin bununla bağlı korporativ mədəniyyətinin inkişaf etdirilməsi vacib məsələlərdəndir. Bu, PR-ın da effektivliyini artırmış olur.
- Bu gün böyük şirkətlərin PR-çılarının əsas vəzifəsi nədən ibarətdir? Dünya iqtisadi böhranı şəraitində bazar və müştərilər şirkətlərdən nə gözləyir?
- Fikrimcə, hər hansı böhran şəraiti peşəkar PR-çılar üçün həqiqi fürsətdir. Adətən belə bir şərait zəruri və zamanın tələblərinə uyğun bacarıqları olmayanların PR sahəsindən getməsinə, onların yerini isə daha təcrübəlilərin tutmasına səbəb olur. Peşəkar PR-çılar böhran şəraitində müştərilərin şirkətə olan inamını qoruyub saxlamalı və onların mediaya ötürdükləri informasiya etibarlılığını tam göstərməlidir. Həmçinin, PR-çılar vasitəsilə aparılan PR gərgin şəraitlərdə şirkətin imicinin qorunub saxlanması və ya formalaşdırılması ilə bağlı strateji funksiyaya çevrilməlidir. Çünki bu faktor birbaşa şirkətin bazarda yerini tutmasına və satışların həcminə təsir göstərir. Buna görə də peşəkar PR-çılar innovativ texnologiyalardan və yeni üsullardan optimal qaydada yararlanmaqla təmsil etdikləri şirkətlər barəsində media məkanında müsbət fikir və imic formalaşmasında daim aktiv olmalıdırlar.