...

Niderlandla Azərbaycan gömrük əməkdaşlığının gələcək perspektivlərini müzakirə edib

İqtisadiyyat Materials 23 Fevral 2018 19:49
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Niderlandın ölkəmizdəki səfiri Onno Kervers ilə görüşüb.
Niderlandla Azərbaycan gömrük əməkdaşlığının gələcək perspektivlərini müzakirə edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Niderlandın ölkəmizdəki səfiri Onno Kervers ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan A.Əliyev Azərbaycan ilə Niderland arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən söhbət açıb, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən DGK sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən A.Əliyev bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar niderlandlı iş adamlarının da ölkəmizə investisiya yatıracağına əminlik ifadə olunub.

Komitə sədri vurğulayıb ki, ölkələr arasında əməkdaşlığın, о cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətinin də öz yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır. 2002-ci ildə gömrük sahəsində iki ölkə arasında imzalanan saziş, eləcə də gömrük xidmətlərinin səmərəli fəaliyyəti əməkdaşlığın genişlənməsinə əlavə stimul verir, tərəflərin qarşılıqlı inteqrasiyasını sürətləndirir.

Eyni zamanda, Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən DGK sədri Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzinin yerləşdiyini, istər ÜGT-nin Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisində, istərsə də Dövlət Gömrük Komitəsinin Akademiyasında bir sıra dünya ölkələrindən, o cümlədən Niderland Krallığından ekspertlərin iştirakı ilə önəmli treninqlərin, seminarların keçirildiyini, gələcəkdə də bu ənənənin davam etdirilməsinin qarşılıqlı əməkdaşlığın inkişafına bir töhfə olacağına əminliyini ifadə edib.

A.Əliyev Niderland parlamentinin nümayəndələr palatasının qondarma “erməni soyqırımı”nı tanıması barədə qərarından təəssüf etdiyini bildirib: “Yaxşı olardı ki, Niderland parlamenti 1992-ci ildə bəşəriyyətin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımını tanıyardı”.

DGK sədri onu da xatırladıb ki, Azərbaycan ərazisinin bir hissəsi - Dağlıq Qarabağ bölgəsi və bölgənin inzibati sərhədlərindən kənarda yerləşən 7 rayon Ermənistan tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir: “Azərbaycan tərəfi işğal altındakı ərazilərdə ermənilərin narkotik maddələrin becərilməsi və tranzitini həyata keçirməsinə dair faktlara malikdir”.

Səfir Onno Kervers respublikamızda diplomatik fəaliyyət göstərməyindən məmnunluğunu ifadə edib, təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa çox böyük önəm verdiyini bildirib. Niderlandla Azərbaycanın gömrük orqanlarının gələcək əməkdaşlığından danışan səfir respublikamızda niderlandlı mütəxəssislərin iştirakı ilə treninqlərin, seminarların keçirildiyindən məlumatlı olduğunu, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir Niderland parlamentinin nümayəndələr palatasının sözügedən qərarının Niderland hökumətinin mövqeyini ifadə etmədiyini diqqətə çatdırıb. Onno Kervers Azərbaycanda fəaliyyəti dövründə bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barəsində ətraflı məlumatlandığını qeyd edərək bildirib ki, mən də bir səfir kimi Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak edərək başsaşlığı diləklərimi catdıracağam.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, o cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, kadr potensialının gücləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizət və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti