Gəncə. Trend:
Gəncədə Azərbaycan Texnologiya Universiteti (UTECA), Lean Consulting şirkəti və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə II Milli Sənaye Mühəndisliyi Forumu keçirilib.
Trend-in məlumatına görə, Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan forumun işində ölkəmizin bir çox aparıcı sənaye müəssisəsinin rəhbəri, elm və ali təhsil ocaqlarının nümayəndələri, eləcə də xarici mütəxəssislərin iştirakı ilə sözügedən sahənin aktual problemləri müzakirə olunub, milli sənayemiz üçün kadr hazırlığı prosesinin təkmilləşdirilməsi yolları araşdırılıb.
Forum iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Dövlət Himninin səslənməsi ilə öz işinə başlayan forumda əvvəlcə "Heydər Əliyev və Azərbaycan sənayesi" adlı videoçarx nümayiş etdirilib. Sonra UTECA-nın rektoru, professor Akif Süleymanov II Milli Sənaye Mühəndislyi Forumunu açıq elan edərək iştirakçıları salamlayıb. O, bildirib ki, ilki paytaxt Bakıda keçirilən Milli Sənaye Mühəndisliyi Forumunun ikinci dəfə Azərbaycanın ən böyük regional mərkəzində - ölkənin ikinci böyük şəhəri olan Gəncədə keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsində regionların rolu və öhdəlikləri kifayət qədər böyükdür: "Həm Gəncə şəhəri, həm də onun ətraf regionunda strateji cəhətdən əhəmiyyət daşıyan sənaye müəssisələri tarixən olub. Bu gün isə onların sayı artmaqda, əvvəlkilərin fəaliyyəti bərpa edilməkdə və gücləndirilməkdədir. Forumun təşkilatçılarından biri və ev sahibi olan Azərbaycan Texnologiya Universiteti isə bu prosesdə özünəməxsus vacib rol oynayır. UTECA tərfindən yaradılan universitet-sənaye əlaqələrinin ən effektiv modeli həm sənaye müəssisələrinin işinin səmərəliliyini artırmağa, həm də ali təhsil müəssisəsində kadr hazılığının keyfiyyətini yüksəltməyə xidmət edir".
Forumun mövzusu haqda və əhəmiyyəti haqda da danışan A.Süleymanov qeyd edib ki, Azərbaycanda sənayenin köklü inkişafı məhz Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: "1969-cu ildə Heydər Əliyevin sovet Azərbaycanının rəhbərliyinə gəlməsi ilə respublikamızda sənayenin inkişafında da yeni mərhələ başlandı. Dahi dövlət xadiminin həyata keçirdiyi tədbirlər nəticəsində sənayenin bütün sahələrində inkişafa nail olundu, yeni sənaye sahələri yaradıldı. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan sənayesi SSRİ-də ən qabaqcıl mövqelərdən birinə yiyələndi. Neft-kimya sənayesi modernləşdirildi, yeni cihazqayırma, maşınqayırma və metallurgiya kompleksləri və onlarla digər istehsalat sahələri istifadəyə verildi. Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra ölkə iqtisadiyyatının dirçəldilməsi ilə bağlı sistemli və ardıcıl tədbirlər həyata keçirməyə başladı. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan sənayesinin inkişaf konsepsiyası İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də inamla davam etdirildi, dövlət investisiyalı, istehsal təyinatlı layihələr hesabına ölkə iqtisadiyyatında sənaye sektorunun inkişafı təmin olundu".
Tədbirdə daha sonra çıxış edən – Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Sahibkarlığın İnkişaf Agentliyinin direktoru Orxan Məmmədov, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və bir sıra aparıcı şirkətlərin nümayəndələri forumun mövzusu ilə bağlı məruzələrlə çıxış ediblər, sessiyalarda qaldırılan təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum ərzində həmçinin UTECA ilə KOSİA arasında əməkdaşlıq memorandumu, və UTECA ilə AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb. AMEA YTP-nin direktoru Vüqar Babayev və UTECA-nın rektoru Akif Süleymanov tərəfindən imzalanan saziş ilkin məqsədi tərəflərinin birgə iştirakı ilə UTECA-da Texnologiya transfer ofisinin yaradılmasıdır.