...

Energetika nazirinin müavini: "Cənub Qaz Dəhlizi" layihəsi yeni mərhələyə qədəm qoyub

İqtisadiyyat Materials 4 Aprel 2019 13:17 (UTC +04:00)
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında yeni mərhələ başlayıb.
Energetika nazirinin müavini: "Cənub Qaz Dəhlizi" layihəsi yeni mərhələyə qədəm qoyub

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında yeni mərhələ başlayıb.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu aprelin 2-də Rumıniyanın paytaxtı Buxarest şəhərində "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin enerji nazirlərinin görüşü zamanı Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov deyib.

Azərbaycanda elektroenergetika sahəsində atılan addımlar, bərpa olunan enerji mənbələri, enerji resurslarından səmərəli istifadə üzrə həyata keçirilən layihələr, hazırlanan qanunvericilik sənədləri barədə məlumat verən nazir müavini Cənub Qaz Dəhlizi layihəsi üzrə görülən işlər, bu sahədə həyata keçirilən yeniliklərdən danışıb: "Cənub Qaz Dəhlizinin son elementi sayılan TAP layihəsi üzrə işlərin 85%-dən çoxu tamamlanıb və 2020-ci ildən “Şahdəniz-2” qazının İtaliya üzərindən Avropaya daşınması reallaşacaqdır. “Şahdəniz-2” layihəsinin işə salınması ilə Türkiyəyə ixrac edilən təbii qazın həcmlərinin 2018-ci ilin yayından etibarən artmaqda olduğu və bu prosesin davam edəcəyi xüsusilə vurğulanıb. Qeyd edilib ki, Türkiyəyə, gələcəkdə isə Avropaya satılacaq qazın artan həcmləri Gürcüstanın Cənub Qafqaz Boru Kəmərindən komissiya olaraq əldə etdiyi qazın miqdarının da mütənasib olaraq artmasına şərait yaratmaqdadır ki, bu da Azərbaycanın Gürcüstanın enerji təhlükəsizliyinə verdiyi töhfəni böyütməkdədir".

E.Soltanov, eyni zamanda Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq çərçivəsində mənbələrin və alıcı tərəflərin şaxələndirilməsi üzrə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir müavini Azərbaycan, Türkiyə və Gürcüstan arasında elektroenergetika sahəsində mövcud əməkdaşlıq barədə danışaraq, Cənubi Qafqazda bu sahə üzrə əməkdaşlığın Azərbaycan və Gürcüstan arasında məhdudlaşmasının Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı olduğunu diqqətə çatdırıb.

Tədbirdə Avropa Komissiyası tərəfindən Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi üzrə uğurları yüksək qiymətləndirilib və bu istiqamətdə atılan addımlarin sürətləndirilməsi və şaxələndirilməsi üçün Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın vacibliyi qeyd edilib.

Qeyd edək ki, Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil edilən toplantıda Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Avropa İttifaqına üzv ölkələr iştirak edib.

Görüşdə Şərq Tərəfdaşlığı proqramının 10-cu ildönümü ilə əlaqədar Şərq Tərəfdaşlığı ölkələri arasında energetika sahəsində gələcək əməkdaşlıq perspektivləri, təbii qaz və elektrik enerjisi layihələri mövzularında məruzələr dinlənilib, Şərq Tərəfdaşlığı çərçivəsində 2020-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan 20 məsələ ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti