...

Nazir: Fermerlərə subsidiyaların verilməsində şəffaflıq və çeviklik təmin ediləcək

İqtisadiyyat Materials 1 May 2019 00:28 (UTC +04:00)
Fermerlərə subsidiyaların verilməsində şəffaflıq və çeviklik təmin ediləcək.
Nazir: Fermerlərə subsidiyaların verilməsində şəffaflıq və çeviklik təmin ediləcək

Bakı. Trend:

Fermerlərə subsidiyaların verilməsində şəffaflıq və çeviklik təmin ediləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

İ.Kərimov bildirib ki, 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb: “Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub”.

Nazir vurğulayıb ki, aqrar sahədə müsbət inkişaf dinamikası cari ildə də davam edir. Birinci rübdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb:

“Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün, müəyyən etdiyiniz strateji kursa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurmuşdur. Fermerlərə xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə nazirliyin rayon idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. Bununla da keçmiş kənd təsərrüfatı idarələri inzibati strukturdan xidmət qurumlarına çevriliblər. Mərkəzlərdə "vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın xidmət göstərilir”.

O xatırladıb ki, nazirliyin nəzdində fəaliyyət göstərən 4 qurumun bazasında Aqrar Xidmətlər Agentliyi yaradılıb: “Agentlik baytarlıq, fitosanitar, toxum müfəttişliyi və texniki nəzarət xidmətləri üzrə çevik və səmərəli idarəetməni təmin edəcək”.

İ.Kərimov deyib ki, lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşıb: “Belə ki, texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunub və “Aqrolizinq” ASC artıq bu bazarın iştirakçısı deyil. Bu isə həm texnikanın, həm də damazlıq heyvanların satış qiymətinin əsaslı ucuzlaşmasına səbəb olub.

Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il Aqrar İnkişaf və Kredit Agentliyi yaradılıb. Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb. Nazirliyin dəstəyi ilə son 6 ay ərzində 11 fermer assosiasiyası yaradılıb. Möhtərəm cənab Prezident, fermerlərə dövlət dəstəyinin təkmilləşdirilməsi üçün tapşırığınıza əsasən subsidiyaların verilməsinin yeni qaydalarının layihəsi hazırlanıb. Bu gün fermerlərimizi qayğılandıran digər məsələlərdən biri və yüksək diqqətinizə ünvanladıqları çoxsaylı xahişləri, həmçinin kiçikhəcmli kreditlərə çıxışın asanlaşdırılması və təbii hadisələrə qarşı aqrar sığortanın tətbiq edilməsidir. Aqrar sahənin üzləşdiyi digər çağırışlar kiçik parsellərə bölünmüş torpaqların sistemləşdirilməsi, şorlaşmış, şorakətləşmiş və əkinə yararsız torpaqların yararlı hala salınması, müasir suvarmanın və təsərrüfatlararası yolların düzgün qurulmasıdır”.

O əlavə edib ki, ötən il nazirliyin prioritet vəzifələrindən birini Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılması təşkil edib: “Sistemin istifadəyə verilməsi dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Növbəti ildən subsidiyalar məhz bu sistem vasitəsilə veriləcək. Elektron sistem fermerlərə öz əkinlərini bazarın tələbinə uyğun düzgün planlaşdırmağa kömək edəcək, həmçinin bazarda məhsullar üzrə tələb-təklifin düzgün proqnozlaşdırılmasını asanlaşdıracaq. Bu günə qədər 100 mindən çox fermer sistemdə qeydiyyatdan keçib.

Kənd təsərrüfatında innovasiyaların tətbiqi, mütərəqqi həllər və texnologiyalardan daha geniş istifadənin təmin olunması da əsas vəzifələrimizdəndir. Bu məqsədlə Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb. Həmçinin nazirliyin elmi-tədqiqat institutları araşdırmalarını innovativ yeniliklərin fermerlərə ötürülməsi istiqamətində qurublar”.

Nazir vurğulayıb ki, fermerlərin bacarıqlarının artırılması və maarifləndirilməsi üçün xüsusi təlim strategiyası hazırlanıb: “Bilavasitə yerlərdə fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsinə başlanılıb. Əlverişli aqrobiznes mühitinin, fermerlərin yerli və xarici bazarlara çıxış imkanlarının artırılması üçün Sizin müvafiq Fərmanınızla Aqrar Tədarük və Təchizat Şirkəti təsis edilib. Şirkət tərəfindən “Kənddən şəhərə” satış platforması yaradılıb, davamlı olaraq müasir yarmarkalar təşkil olunur.

Möhtərəm cənab Prezident, 2019-cu ildə qarşımızda qoyduğunuz vəzifələri icra etmək və strateji hədəflərə nail olmaq üçün müvafiq tədbirlər görülüb. Cari təsərrüfat ilində 1 milyon 85 min hektar sahədə taxıl əkilib, orta məhsuldarlığın daha yüksək olması gözlənilir. 100 min hektarda pambıq əkilməsi üçün səpin işləri yekunlaşmaq üzrədir və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır. Ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib. 800 ton yaş barama istehsalı üçün hazırlıq işləri başa çatdırılıb”.

İ.Kərimov qeyd edib ki, cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşıda duran vacib hədəflərdəndir: “Həmçinin yeni meyvə bağlarının salınması, o cümlədən fındıq sahələrinin 84 min hektara çatdırılması, badam və qoz bağlarının sahələrinin genişləndirilməsi həlli vacib məsələlər kimi qarşımızda durur. Zeytunçuluq, çayçılıq, çəltikçilik, sitrusçuluq, üzümçülük sahələrinin inkişafının dəstəklənməsi də əsas prioritetlərimizdəndir.

Bu vəzifələrin yüksək səviyyədə icra olunması üçün təminat məsələlərinin həllinə xüsusi diqqət yetirilib. Cari ildə mineral gübrə və pestisidlərlə təminatla bağlı hazırlıq işləri tam yekunlaşıb. Tapşırığınıza əsasən fermerlərin texnika ilə təchiz olunması diqqətdə saxlanılıb. Ötən il “Aqrolizinq” tərəfindən 6046 ədəd müasir texnika, o cümlədən 108 ədəd pambıqyığan və 250 ədəd taxılyığan kombayn alınıb. Artıq bu ildən fermerlər texnikanı “Aqrolizinq” ASC-dən deyil, 40 faiz güzəşt və 5 il faizsiz kredit tətbiq edilməklə, istədikləri şirkətdən ala biləcəklər”.

Nazir deyib ki, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və xaricdən yüksək genetik potensiala malik heyvanların gətirilməsi tədbirləri də davam etdirilib: “Keçən ildən yerli təsərrüfatlardan cins heyvanların alınması mexanizminin tətbiqinə başlanılıb. 2018-ci ildə süni mayalanma yolu ilə alınmış buzovların sayı əvvəlki illə müqayisədə 48 faiz artıb. Texnikalarda olduğu kimi, fermerlər damazlıq heyvanları da bu ildən “Aqrolizinq” ASC-dən deyil, 60 faiz güzəşt və 3 il faizsiz kredit tətbiq edilməklə istədikləri şirkətdən ala biləcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti