...

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 11 Noyabr 2019 10:20 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Beynəlxalq valyuta birjalarında ABŞ-Çin ticarət sazişi, Breksit və digər iqtisadi və siyasi risklər fonunda yenidən artan qeyri-müəyyənliklər, özünü aparıcı valyutaların dollara nisbətən məzənnələrin ucuzlaşmasında göstərməkdədir.

Bu həftə bazar ertəsi Bakı vaxtı ilə saat 14:00-da Avrozonada iqtisadi gözləntiləri ölçən indeksə, çərşənbə günü saat 17:30-da ABŞ-dan inflyasiyaya, cümə axşamı saat 11:00-da Almaniyadan iqtisadi inkişafa və cümə günü saat 14:00-da Avrozonadan da inflyasiyaya dair dərc ediləcək önəmli fundamental məlumatlarla da zəngindir. Bununla yanaşı, çərşənbə günü və cümə axşamı FED sədri Jerom Povelin konqres qarşısında iqtisadi gözləntiləri və yeni planlarına dair edəcəyi çıxışı da böyük maraqla gözlənilməkdədir.

GBP.

Böyük Britaniyada keçiriləcək növbədənkənar parlament seçkisi fonunda artan risklər özünü GBP/USD məzənnəsinin ucuzlaşmasında da göstərməkdədir.

Bu həftə isə bazar ertəsi saat 13:30-da Böyük Britaniyadan iqtisadi inkişaf və sənaye, çərşənbə axşamı saat 13:30-da əmək bazarı cə çərşənbə günü saat 13:30-da inflyasiya üzrə göstəricilərin mənfi yayımlanacaqlarının proqnozlaşdırılması da funt sterlinqin ucuzlaşmasına təsir edə bilər.

TRY.

Dünya valyuta birjalarında dolların bahalaşması, özünü USD/TRY məzənnəsində də göstərməkdədir. Beləliklə, artıq son iki həftənin maksimumunda ticarət edilən məzənnənin 5.82TL-yə kimi də bahalaşa biləcəyi ehtimal edilir.

OIL.

Enerji birjalarında isə Avropanın Brent markalı neftin bir barel qiyməti keçən həftə ərzində 63-61$ aralığında ticarət edilib və cari həftə ərzində də sözügedən qiymət dəhlizinin qoruna biləcəyi proqnozlaşdırılır.

Cümə axşamı saat 20:00-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD.

Əlvan metallar bazarlarında qızılın qiyməti son bir həftə ərzində 1456$-a kimi 4% dəyər itirib. Gələcək dalğalanma isə ABŞ prezidentinin çərşənbə axşamı Çin ilə gələcək iqtisadi münasibətlərə dair verəcəyi açıqlamalardan asılı olacaqdır. Bir unsiya üzrə qiymət 1456$-da (46.8 $/qram) dəstək görsə də cari şəraitdə yeni minimumların yarana biləcəyi ehtimalları da yüksək qiymətləndirilir.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti