Bakı. Trend:
Trend-in məlumatına görə, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı dünyada maliyyə texnologiyaları üzrə əsas trendlər və finteklərin ölkəmizdə tətbiqinin genişləndirilməsi mövzusunda suallara cavab verib.
- Dünya üzrə maliyyə texnologiyaları sahəsində cari vəziyyəti necə qiymətləndirirmək olar?
- İnkişafı dəqiqliyə, rasionallığa və çevikliyə dayanan maliyyə sektoru süni intellektin, insan resurslarının məhsuldarlığını artıran və xətaları azaldan yeni texnologiyaların tətbiqini daha çox tələb edir. Bu gün fintek sahəsində sürətli inkişaf müşahidə olunur. Əsasən ABŞ, Avropa ölkələrindən B.Britaniya, Almaniya və İsveç, Asiya ölkələrindən Çin, Yaponiya, Cənubi Koreya və Hindistan, eyni zamanda, Braziliya və Avstraliya bu inkişafın stimulyatorları rolunu oynayırlar. Belə ki, fintek sahəsinin startapları adıçəkilən ölkərin yetirmələridir. Bu sahədə “tək buynuzlu at” adlandırılan dəyəri 1 milyard dollardan artıq olan startapların sayı ən son statistik məlumatlara əsasən 67-ə çatıb. Ümumi dəyərləri 244.6 milyard dollar olan bu şirkətlərin 57%- i ABŞ-da yerləşir. Ən böyük maliyyə dəyəri olan startap isə Çinin 39.4 milyard dəyərində olan Lu.com şirkətidir. İkinci pillədə ABŞ-da yerləşən Stripe (35.3 milyard dollar) şirkəti yer alıb. 3-cü pilləni isə hər biri 10 milyard dollar dəyərində olan ABŞ-ın “Ripple” və Braziliyanın “NuBank” şirkətləri tutur. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu inkişaf durmadan davam edir. Belə ki, ötən ilin son rübündə 8, bu ilin ilk aylarında isə 3 yeni startap yaranıb. Maliyyələşmə həcmindən aslı olmayaraq startap sayına görə ilk pillədə olan sektor isə kiçik və orta sahibkarlıqdır. Təkcə ABŞ-da bu sektor üzrə 140 startap fəaliyyət göstərir.
Digər diqqət yetirilməli olan məqam maliyyə sektorunun böyük şirkətlərinin bu startaplara investisiya maraqlarının yüksək olmasıdır. Fintek startaplarına yatırdığı investiya dəyərinə görə ilk pillədə “Goldman Sachs” şirkəti durur. 13 fərqli ixtisaslaşması olan 49 startap adıçəkilən şirkət tərəfindən alınıb. 10 fərqli ixtisaslaşması olan 34 startap “Citi” şirkəti, 22 startap isə “JP Morgan” şirkəti tərəfindən maliyyələşdirilib. Lakin 2019-cu ildə ümumi olaraq bu sahəyə yatırılan investisiya həcmi son 5 ilin göstəriciləri ilə müqayisədə azalıb. Bu azalmaya yeni yaranmış (toxum və başlama səviyyəsində olan) startaplara yatırılan investisiyaların 2015-ci ildən bu günə kimi azalma tendensiyası nümayiş etdirməsi təsir edib. Belə ki, toxum və başlanğıc səviyyəsində olan startaplara yatırılan investisiya həcmi 2015-ci ildə 67% təşkil etdiyi halda, 2019-cu ildə bu göstərici 59%-a qədər azalıb. Bunun əsas səbəbi isə sektorun doyma həddinə çatmaqda olmasıdır. Sürətlə inkişaf edən texnoloji yeniliklər və təkliflər bazarda eyni həcmdə tələblə uzlaşmış və eyni sürətlə absorbsiya oluna bilmir. Bu mülahizəyə digər misal olaraq inkişaf etmiş ölkələrdə investisiya həcmlərinin artımının dayanması və hələ ki sabit qalması, inkişaf etməkdə olan ölkələrdə isə artımın davam etməsini göstərmək olar.
- Bu sahədə qlobal trendlərə nələri misal göstərmək olar?
- Ümumən maliyyə texnologiyaları sürətli şəkildə və geniş spektrdə tətbiq olunur. Əsas sahələrə ödəniş sistemləri, pul köçürmələri, şəxsi maliyyə idarəetməsi, audit və risk menecmenti, maliyyə bazarları və investisiya, eyni zamanda, daşınmaz əmlak və sığorta sahəsini göstərmək olar.
2019-cu ildə investisiyaların cəlbinə görə ilk pillədə sığorta sahəsinin fintekləri (insurtech) yer alır. Belə ki, sadəcə son rübdə bu sahəyə 1.8, bütün il ərzində isə 6.8 milyard dollar vəsait cəlb olunub. Əmlakın sığortası, tibbi sığorta, biznes sığortası sahəsində ixtisaslaşan 1 milyard dollardan çox dəyəri olan finteklər, eyni zamanda, həyat sığortası və kiçik bizneslərin sığortasını həyata keçirən digər şirkətlər müvafiq istiqamətlərdə riskləri qiymətləndirir, anderraytinq əməliyyatlarını həyata keçirir və maraqlı tərəflərin vahid platforma üzərində əlaqələndirilməsini təmin etməklə sığorta prosedurlarını daha səmərəli edir. Bu sahənin investisiya həcminə görə liderlik etməsinə gəldikdə isə, risk faktorunun olduğu müddətcə sığortaya ehtiyacın olmağa davam etməsi məhz bu sahənin trend olaraq qalması və digər sahələrlə müqayisədə daha çox investisiya cəlb etməsi halını izah edə bilər.
Digər fintek tətbiqi sahəsi olan ödəniş sistemləri və pul köçürmələri blokçeyn texnologiyalarının tətbiqi ilə daha sürətli və şəffaf şəkildə həyata keçirilir. Xüsusən “Etherium” platformasından istifadə edən böyük şirkətlər bu texnologiyanın tətbiqi ilə prosedurları sürətləndirir, əmək resurslarından istifadəni və xərcləri azaldır, eyni zamanda, yeni bazarlara girişi təmin edirlər. Belə ki, yeni texnoloji həllərin tətbiqi çox xərc tələb edən proseduralardan hesab olunan klirens (rəsmiləşdirmə) əməliyyatlarını daha səmərəli formada həyata keçirməyə imkan yaradır. Eyni zamanda, əmək resurlarının böyük və nüfuzlu şirkətlərdə baha olduğunu nəzərə alaraq, kiçik və az gəlirli bazarlardakı əməliyyatlara onların cəlb olunması məqsədəmüvafiq hesab olunmurdu. Lakin Fintekin tətbiqi artıq bu bazarlarda əməliyyatların avtomatlaşdırılmış şəkildə həyata keçirilməsini mümkün edir. Bu da şirkətin fəaliyyət spektrini və gəlirlərini artırır.
Bank sektorunda süni intellektin tətbiqi də qlobal trendlərdəndir. Risk menecmentini və anderraytinq əməliyyatlarını həyata keçirən analitik botlar, müştəri xidməti və kiçik həcmli kredit əməliyyatlarını həyata keçirən çatbotlar prosedurların daha çevik və şəffaf həyata keçirilməsinə səbəb olaraq müştəri məmnunluğunu artırır, riskləri daha obyektiv və dəqiq qiymətləndirməklə bankın fəaliyyətini genişləndirir, yeni bazarlara girişi təmin edir, insanları əvəz etməklə isə işçi qüvvəsinə ayrılan xərcləri azaldır. Bütün hallarda bankın səmərəliliyini və gəlirliliyini artırmağa xidmət edir.
Ənənəvi banklarla paralel rəqəmsal bankçılıq və elektron kredit platformaları da geniş şəkildə tətbiq olunmağa başlayır, xüsusən Asiya bazarında və Latın Amerikasında onların sayı sürətlə artmaqdadır. Ötən il Sinqapurda 26-dan çox şirkət rəqəmsal bankçılıq lisenziyası üçün müraciət edib. Bu müraciətlər arasında “ANT Financial”, “Razer” və “Xiaomi” kimi texnoloji şirkətlər də var. Bu platformalar bankların fəaliyyətindən kənarda qalan mikro və KOS subyektlərinin maliyyə əlçatanlılığının artırılmasına xidmət edir. ABŞ bazarında da alternativ kreditorların yaranması bank-kredit sahəsində rəqabəti artırmağa, xidmətin isə buna uyğun olaraq daha keyfiyyətli səviyyəyə yüksəlməsinə gətirib çıxarır.
KOS subyektlərinin maliyyə və mühasibat əməliyyatlarını idarə edən texnoloji həllər də geniş tətbiq olunmağa başlayıb. Dünya bazarında şirkətin xərclərini strateji əhəmiyyətinə və şirkətin prioritetlərinə uyğun olaraq optimallaşdıran, dövriyyəsini sürətləndirən, şirkətin cari vəziyyətini qiymətləndirən, müştəri ilə əlaqələri təmin edən, ödəniş və pul köçürmələrini sürətləndirən, hətta investisiya cəlbinə ixtisaslaşmış xüsusi proqram təminatları istifadə olunur.
Real sektorda həm B2C (şirkət və müştərilər arasında əlaqələr), həm də B2B (şirkətin başqa şirkətlərlə əlaqələri) sahəsində ixtisaslaşmış texnoloji həllər tətbiq olunur. B2C əməliyyatlarından müştəri xidmətləri demək olar ki, bütünlükdə yeni texnoloji yeniliklərlə əhatə olunaraq çatbotlar vasitəsilə yerinə yetirilir. B2B əməliyyatları arasında idxal-ixrac prosedurları zamanı sənəd dövriyyəsi, vergi ödənişlərinin hesablanması və elektron formada ödənilməsi, beynəlxalq səviyyədə maliyyə tranzaksiyaların həyata keçirilməsi kimi prosedurlar süni intellekt və blokçeyn texnologiyalarının tətbiqi ilə avtomatlaşdırılıb.
Maliyyə bazarları finteklərinin qlobal trendlərinə misal olaraq mikro investisiya platformalarını, investisiya portfellərini idarə edən robo-advisorları (robot-məsləhətçilər), elektron brokerləri göstərmək olar. Süni intellektə əsaslanan mikro-investisiya platformaları və robo-advisorlar əsasən ABŞ bazarında tətbiq olunurlar. Robo-advisorlar ödənişlərin, kreditlərin və aktivlərin idarə olunmasını, investisiya istiqamətlərinin təyin olunmasını müştərinin risk tolerantlığı, gələcək planları və gəlir gözləntilərinə uyğun olaraq həyata keçirir. Günümüzün ən məşhur robot məsləhətçilərinə “Betterment” (2008-ci ildə yaranmış ilk robo-advisor) və “Wealthfront”-u nümunə olaraq göstərmək olar. Süni intellektlə işləyən, ABŞ və B. Britaniyada tətbiq olunan broker isə “Robinhood” adlanır.
Son zamanlar investisiya siyasətinin və seçimlərinin əsas meyarı qlobal trendə çevrilmiş ətraf-mühit və sosial rifaha əsaslanan idarəetmədir (ESG). Böyük şirkətlər öz investisiya portfellərinin idarə olunmasında mütləq şəkildə ESG prinsipinə əsaslanırlar. Bu meyar daha çox mənəvi xarakter daşısa da müasir dövrdə investorlar üçün hətta gəlirlilikdən daha öndə durur. Təsadüfi deyil ki, 6.9 trilyon dollar dəyərində aktivləri idarə edən böyük investisiya şirkəti “Black Rock”-un CEO-su Larry Fink ESG investisiyalara verdiyi önəmi “iqlim riski investisiya riskidir” ifadələri ilə ictimaiyyətə açıqlayıb. Bu istiqamətdə də fintek öz qatqısını verib. Belə ki, ötən il karbon emissiyasını analiz edən “Carbon Delta”, ESG məlumatlarını analiz edən “SynTao Green Finance” kimi texnoloji startapları yaradılıb.
Digər günü-gündən populyarlığı artan trend “Regtech” (tənzimləmə texnologiyası) və “Suptech”dir (idarəetmə texnologiyası). İlk olaraq ABŞ və Böyük Britaniyada tətbiq olunan bu texnologiya son illər digər ölkələrdə də tətbiq olunmağa başlayıb. Yalnız 2019-cu ildə bu sahəyə yatırılan investisiyaların həcminin iki dəfədən çox artdığını görə bilərik. Monitorinq və qiymətləndirmə, audit, hüquqi normalara uyğunluq, müvafiq planların icrasına və nəticələrə nəzarət və s. xidmətləri avtomatlaşdırılmış şəkildə həyata keçirən bu yeniliyin tətbiqinin 2020-ci ildə daha da artacağı proqnozlaşdırılır.
Bir zamanlar yüksək populyarlıq qazanan kriptovalyutalara gəldikdə isə, onlar öz aktuallığını itirsələr də, bazarda kriptovalyutalarla tranzaksiyaların aparılması davam edir, eyni zamanda, onlar hələ də investisiya mənbəyi olaraq qiymətləndirilirlər. Eyni zamanda, kriptovalyutalarla aparılan tranzaksiyaların vergi ödənişlərinin müəyyənləşdirilməsi, kripto investisiya portfellərinin idarə olunması kimi funksiyaları yerinə yetirən “Zenledger” və “TAXbit”, kriptovalyuta və ənənəvi maliyyə hesabları arasında körpü rolunu oynayan “VERADY” startapları da yaradılıb.
Ötən il daşınmaz əmlak bazarının finteklərinə yatırılan investisiyaların həcmi də öncəki illərlə müqayisədə artıb. Daşınmaz əmlak sahəsində məlumat bazasının idarə olunması, bazar araşdırmalarının aparılması kimi funksiyaları süni intellektə əsaslanaraq yerinə yetirən 60 milyon dollar dəyərində “Reonomy”, qiymətləndirmə və anderraytinq əməliyyatlarını həyata keçirən “Cherre”, mülkiyyəti avtomatik qiymətləndirən “Bowery” və digər bu kimi startaplar investorların marağını cəlb edə bilib. Bu sahədə Marketplace (qarşı tərəfləri bir araya gətirən ticarət platforması) rolunu oynayan finteklər də fəaliyyət göstərir (“PeerStreet”,”Roofstock”, “Qualia”, “States title”, və s). Bu platformaların köməyi ilə daşınmaz əmlak bazarında maraqlı tərəflərin əlaqələndirilməsi daha asan və çevik, eyni zamanda, aparılan əməliyyatlar da daha sürətli və az riskli olur.
- Müəyyən yanaşmalara görə fintekin inkişafının işsizliyin artmasına təkan verdiyi iddia olunur. Bu yanaşma nə dərəcədə doğrudur?
- Kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlərin əsas prioriteti xərclərin azaldılması və gəlirlərin artırılmasıdır. Bu prinsipin tətbiqi dayanıqlılıqla müşayiət olunduqda, deməli, şirkət öz fəaliyyətini komfort zonada davam edir. Əlbəttə ki, daha az xərclə çox gəlir gətirən və stabil fəaliyyəti ilə dayanıqlılığı təmin edən süni intellektin tətbiqi insanlara ehtiyacı azaldır. Lakin realda süni intellektin tətbiqinin təsiri daha çox əmək resurslarının ixtisarı ilə deyil, yeni bazarların əhatə olunması və fəaliyyətin genişləndirilməsi ilə müşahidə olunur. Süni intellektin texniki əməliyyatları həyata keçirdiyi anda paralel olaraq insanlar daha spesifik, rasional deyil, emosional yanaşma tələb edən əməliyyatlara cəlb olunaraq texnologiya ilə tandem şəklində fəaliyyət göstərə və inkişafı daha da üst səviyyəyə apara bilərlər.
- Azərbaycanda finteklərin cari vəziyyətini necə qiymətləndirmək olar?
- Cənab Prezident İlham Əliyevin rəhbərliyilə iqtisadiyyatın innovativ inkişafı, o cümlədən rəqəmsal həllərin geniş tətbiqi təmin edilmişdir. Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi ayrı-ayrı şirkətlərin, xüsusən bankların və sığorta şirkətlərinin təşəbbüsü ilə ildən-ilə daha çox artmaqdadır. Mobil və rəqəmsal bankçılıq demək olar ki, bütün banklar tərəfindən tətbiq olunur. Süni intellektə əsaslanan proqram təminatları, müştəri xidmətlərini həyata keçirən çatbotlar da bəzi banklar (PaşaBank, RabitəBank, VTB və s) və özəl şirkətlər (Technote,) tərəfindən müştərilərin istifadəsinə verilib. Bəzi şirkətlərin onlayn kredit təminatını həyata keçirən (Azercell-in Simbrella proqramının Simkredit xidməti), mobil operatorların balansı ilə kommunal ödənişlərin ödənilməsini təmin edən texnoloji həllərini də misal göstərmək olar. Bundan başqa, şəxsi maliyyə resurslarını idarə edən “Xərclərim” və “Bankoff.co”, kiçik və orta sahibkarlıq subyektlərini bir araya gətirən “Botbox”, müxtəlif təyinatlı robotların hazırlanmasını həyata keçirən və tamamilə onlayn fəaliyyət göstərən “BNB Dynamics” kimi fintek startapları da yaradılıb.
Finteklərin çoxunun süni intellektə əsaslanmasını nəzərə alaraq ölkəmizdə bu sahədə cari vəziyyəti “Oxford Insights”-ın “Süni intellekt idarəetməsinə hazırlıq indeksi”nə görə də qiymətləndirmək olar. 2019-cu il hesabatına görə Azərbaycan 64-cü pillədə yer alıb. Bu göstəriciyə əsasən ölkəmiz qonşu ölkələrdən İran (72-ci yer), Gürcüstan (76-cı yer), və Ermənistandan (81-ci yer) daha öndədir. İndeksə əsasən süni intellektin tətbiqinə görə lider ölkələr isə Sinqapur, Almaniya və Böyük Britaniyadır. İndeksin qiymətləndirmə meyarları idarəetmənin mövcud vəziyyəti (qanunların və strategiyanın mövcudluğu), süni intellektin tətbiqi üçün infrastrukturun səviyyəsi, müvafiq istiqamətdə təhsil və bacarıqlar, eyni zamanda, süni intellekt sahəsində dövlət xidmətlərinə əsaslanır.
- Bu sahədə çağırış və perspektivləri nələrdir?
- Ölkəmizin sürətli inkişafa meyilliliyinin yüksək olması yeni texnoloji dəyişikliklərin daha rahat mənimsənilməsi və geniş tətbiq olunmasını təmin edir. Bu da Azərbaycanın fintek sahəsinin inkişafı baxımından böyük potensiala sahib olduğunu düşünməyə imkan verir. Hazırda mövcud finteklərin dar spektrdə olması bu bazarda bir çox istiqamətdə finteklərin yaradılması perspektivinin mövcudluğunu göstərir. Misal olaraq sığorta və daşınmaz əmlak sahələrinin fintekləri yaradıla bilər. Eyni zamanda, qlobal trend olan “regtech” və “suptech” texnologiyalarının tətbiqi də nəzərdən keçirilə bilər.
Fintekin inkişafında bir neçə istiqamətdə çağırışların olduğunu da müşahidə etmək mümkündür. İlk növbədə rəqəmsallaşmaya keçidin tam təmin olunmamasını qeyd etmək lazımdır. Belə ki, nağd pulların istifadəsi ilə fintekin inkişafının tərs mütənasib olduğunu hesab etmək olar. Bu ilk növbədə insanların düşüncə tərzindən və vərdişlərindən irəli gəlir. İnfrastrukturun inkişafı da əlbəttə ki, az rol oynamır. Məhz bu baxımdan rəqəmsallaşmaya keçid sistem şəklində paralel olaraq tətbiq olunaraq domino effekti ilə fintek sahəsində yeni ideyaların yaranmasına, startapların sayının artmasına tələb yaradacaq, bu da öz növbəsində fintekin inkişafına təkan verəcək. İnnovativ ideyalara gəldikdə təklifin tələbi yaratma gücünün yüksək olmasını nəzərə alaraq startapların da təşəbbüskarlığı sahənin inkişafına gətirib çıxara bilər. Bu baxımdan texnoloji biliklərin artırılması, bu istiqamətdə güclü kadrların, xüsusilə, müəllimlərin hazırlanması çox önəmlidir.
- Azərbaycanda fintekin daha da inkişafı üçün hansı tədbirlər görülür?
- Azərbaycanda son illər ərzində finteklərin inkişafının stimullaşdırılması məqsədi ilə bir sıra tədbirlər görülməkdədir. Fintekin inkişafına birbaşa təsiri olan əsas məsələ rəqəmsallaşmaya keçidin sürətləndirilməsi və nağdsız ödənişlərin həcminin artırılmasıdır. Bu istiqamətdə cənab Prezident tərəfindən təsdiqlənmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsinə dair Dövlət Proqramı” həm hüquqi bazanın, həm də infrastrukturun yaxşılaşdırılması, eyni zamanda, ictimai məlumatlığın artırılması və təbliğat-təşviqat işlərinin aparılması tədbirlərini özündə ehtiva etməklə rəqəmsal ekosistemin yaxşılaşdırılması baxımından çox önəmli hesab olunur. Bütün aidiyyəti qurumların icraçı olaraq cəlb olunduğu bu proqram üzrə işlərin aparılması davam etməkdədir və ilin sonuna müvafiq sahədə pozitiv dəyişiklikləri proqnozlaşdırmağa imkan verir.
Startapların inkişafını stimullaşdırmaq məqsədi ilə də müəyyən işlər görülüb. Belə ki,onlara biznes planların hazırlanması və rəsmiləşdirmə əməliyyatlarının aparılmasında yardım edən, mentorluq, konsaltinq xidmətləri göstərən inkubator və akseleratorlar, eyni zamanda, ideya və layihələrin elektron bazası olan “EnterpriseAzerbaijan Portalı” yaradılmışdır.
Stanford Universitetinin “Süni intellekt Hesabatı”na əsasən ictimai məlumatlılığın və maarifləndirmə tədbirlərinin artırılması, startapların motivasiyasının yüksəldilməsi, investorlar və layihə sahiblərinin görüşdürülməsi, layihələr barədə məlumatlılığın artırılması kimi kommunikasiya məsələləridə süni intellektin tətbiqi və fintekin inkişafı istiqamətindəçox əhəmiyyətli hesab olunur. Bu məqsədlə Azərbaycanda hər il Fintek Sammiti və bu zəmindən olan müxtəlif konfranslar keçirilir. Bu tədbirlər real platforma rolunu oynayaraq qarşılıqlı maraqlı tərəflərin görüşdürülməsinə xidmət edir.
- Bu il mayın 14-15-də Bakıda "FinTek Sammit 2020" - maliyyə və texnologiyalar sərgisi keçiriləcək. Bu barədə nə deyə bilərsiniz?
- Bu ilki sammitin mövzusu “Bankçılıq və ödəniş ekosistemində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” olacaq. Tədbir “Visa”nın tərəfdaşlığı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilir.
Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödənişlər ekosistemi sahəsində yeni və qarşıdan gələn trendlər ilə bağlı fikir və təcrübə mübadiləsi üçün platforma məqsədi daşıyacaq. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və finteklərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır. Bura həm də bu cür yeni məhsul və xidmətlər üçün hüquqi bazanın yaradılması ilə bağlı ən yaxşı təcrübələrin nəzərdən keçirildiyi və bu proseslərin maliyyə dayanıqlılığı, maliyyə inklüzivliyinin möhkəmləndirilməsinə və müştəri məmnuniyyətinə göstərdiyi təsirin öyrənildiyi yerdir. Sammitdə dövlət-özəl dialoqu baş tutacaq.
- Dünyada startapların maliyyələşdirmə mexanizmlərinin əsas trendləri barədə nə demək olar?
- Qlobal şəbəkə və data platforması olan “CB İnsights” “big” data şirkəti, “Dünyanı dəyişən şirkətlər 2020” adlı hesabat dərc edib. Dünyanı dəyişmə potensialı olan 36 şirkətdən təkcə 23-ü ya Birləşmiş Ştatlarda qurulub və yaxud sonradan ora köçüb. Bu bir daha Birləşmiş Ştatların qlobal müstəvidə ən qabaqcıl innovasiya ekosisteminə malik olduğunun göstəricisidir. Bunun nəticəsidir ki, digər ölkələrdə təsis olunan innovativ layihələrin əksəriyyəti nəhəng bazar imkanlarından və şəbəkələşmə diapazonundan yararlanmaq üçün Birləşmiş Ştatlara üz tuturlar və əhatə dairələrini genişləndirmək üçün bu ölkənin ekosistemindən faydalanırlar. Bundan əlavə hesabatda digər ölkələrin sırasında Kanada, İsrail, İsveç, Sinqapur və Birləşmiş Krallıq yer alıb. Onu da nəzərinizə çatdırım ki, 200-dən artıq unikal investor qeyd etdiyim 36 şirkətə investisiya edib və hətta 20 investor layihələrin sırasından paralel olaraq bir neçəsinə yatırım edib. Buna görə də EnterpriseAzerbaijan.com, İnoland və başqa inkubator və akseleratorlarımız startaplarımızı qlobal bazarlara hazırlayırlar.
Dünyada startaplarda İKT-nin tətbiqi öndədir. Bəs İKT-nın məhz hansı sahələri üzrə fəaliyyət göstərən müəssisələr “Dünyanı dəyişən” adına layiq görülüb? Deməli, 12 kateqoriya üzrə bölünmüş siyahıda çoxluğu səhiyyə və tibb sektoruna töhfə verəcək kateqoriyalar təşkil edir. Gəlin bir neçəsinə nəzər salaq: Süni intellektə əsaslanan zülal proqnozlaşdırması, kimyəvi dərmanları əvəz edəcək elektro-impuls terapiya, mikrobiomların utilizasiyası, psixi və ruhi xəstəliklərin o cümlədən əqli və zehni çatışmazlıqların ziyansız və asudəlik yaratmayan vasitələrlə müalicəsi, həm insanlara, həm də səhiyyənin inkişafına faydalı olan genetik məlumatların etibarlı mübadiləsini təşkil edən DNT məlumat bazarları və s. Digər kateqoriyalara nəzər salsaq burada süni intellekt, kvant kriptoqrafiyası, karbon qazı emissiyalarının smart idarə olunması, yeni nəsil nüvə enerjisi texnologiyaları və işıq-sürətli mikroçiplər yer alır. Bunlardan daha çox maraq doğuran işıq-sürətli mikroçiplərin yaradılmasıdır. Düşünün, foton texnologiyasına əsaslanan misli görünməmiş əməliyyat gücünə malik prosessor. “Big Data”-nın hökm sürdüyü bir dövrdə yeni nəsil kompüterlər daha yuxarı sürət və daha yüksək əməliyyat gücü tələb edir. Siyahıda bu kateqoriyaya daxil olan və hazırda bu istiqamətdə fəaliyyət göstərən şirkətlər mikroçiplərdə elektrik-elektron transmissiyasının optik-foton transmissiyası ilə əvəzlənməsi üzərində çalışırlar. Bizim startaplarımız da dünya trendlərinə uyğun olaraq texnoloji və sosial yönümlü layihələrə daha çox üstünlük verməlidirlər.
Qlobal startap iqtisadiyyatı 2016-2018-ci illər arasında 2.8 trilyon dollar dəyər yaradıb. Bu göstərici əvvəlki dövrdən 20,6% daha çox artım və beş il əvvəlkindən isə iki dəfə çox artım deməkdir. 2018-ci ildə on illiyin ən yüksək göstəricisi – toplam olaraq 220 milyard ABŞ dolları dəyərində vençur kapital investisiyalar olunub. Ekosistemin mərkəzləşdiyi coğrafiyadan danışsaq, hər zaman ikinci Silikon Vadisinin harada olacağı aktual mövzu olub. Amma hazırki vəziyyət və inkişaf onu göstərir ki, ikinci Silikon Vadisi olmayacaq, əksinə, 2-dən qat-qat artıq, 30-a qədər Silikon Vadisi kimi ekosistemlərin formalaşacağı şübhə doğurmur. Bu hablar bütün planet üzrə ya regional olaraq mərkəzlər kimi, ya da sub-sektorlar olaraq spesifik sahələrdə yayılacaq. Doğrudur, yaxın gələcəkdə bu habların heç birinin Silikon Vadisi qədər böyük olacağı gözlənilmir, amma hər biri əhəmiyyətli şəkildə intensiv inkişaf edəcək. Azərbaycanın da xüsusən e-ticarət və sərhədlərarası data axınları üzrə ixtisaslaşması, hətta haba çevrilməsi potensialı var. Təsadüfi deyil ki, 4-cü Sənaye İnqilabı Mərkəzinin regional qurumu Azərbaycanda olacaq və UNESCAP-ın hesablamalarına görə Azərbaycan Avropadan Çinə qədər geniş bir coğrafiyada e-ticarətin lideridir.
- Azərbaycanda startap hərəkatına verilən dəstək barədə nə demək olar?
- Bu sahə ölkə rəhbərinin daim diqqət mərkəzindədir. “Vergi Məcəlləsi”nə əsasən Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startaplar “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti 3 il müddətinə vergidən azad olunur. Azərbaycanda 20-dən çox inkubasiya və akselerasiya mərkəzləri fəaliyyət göstərir. Bunların sırasında həm dövlət həm də özəl sektor tərəfindən təsis olunan mərkəzlər yer alıb. Həmçinin dövlət-özəl əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən mərkəzlər var. İnkubasiya və akselerasiya mərkəzləri və onların seçilmiş rezidentləri əhəmiyyətli sayda beynəlxalq forum və sammitlərdə iştirak ediblər. Artıq bu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı çərçivəsində innovativ və ənənəvi olmayan layihələrə dəstəyin göstərilməsinə başlayır. Nəzərinizə çatdırım ki, gənc startapçıların daha çox uğur qazanması üçün, artıq EnterpriseAzerbaijan.com portalına daxil edilən və özünüməşğulluq proqramının tələblərinə uyğunluq təşkil edən startap layihələrinin bu proqram çərçivəsində reallaşdırılması məsələsinə baxılması üçün Dövlət Məşğulluq Xidmətilə əməkdaşlıq qurulub.
Azərbaycan startap ekosisteminə təkan vermək məqsədilə İnnoland Akselerasiya və İnkubasiya Mərkəzi tərəfindən ABŞ-ın Silikon Vadisində Azərbaycanın “Tech Diasporası” yaradılır. Burada əsas məqsəd Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem iştirakçılarının, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır. Amerika Birləşmiş Ştatlarının "Silikon Vadisi"ndə Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Azərbaycan İnnovasiyalar Evi İnoland İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb. Stanford Universitetində baş tutan tədbirdə Silikon Vadisi və yaxın ərazidə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib. İnnovasiyalar Evinin əsas fəaliyyəti Azərbaycan startaplarına dəstək verməkdən ibarətdir. ABŞ-da işini qurub, genişləndirmək istəyən startaplar "İnnovasiyalar Evi"ndən istifadə edə bilər. Hər bir yeni startap onun üçün nəzərdə tutulmuş üçaylıq akselerasiya proqramına qoşula biləcək. Onlar burada həmçinin müxtəlif "Demo day"-lərdə iştirak edəcək, investorlarla görüşəcəklər.
Azərbaycanda ilk dəfə EnterpriseAzerbaijan.com yerli innovativ startap və məhsul sahiblərinə “kraudfandinq” imkanları təqdim edir. Həmin layihələrin investisiya və öncədən satış əldə etmək üçün qlobal müstəvidə bütün beynəlxalq investor və donorlara Amerika Birləşmiş Ştatlarının “kraudfandinq” (crowdfunding) platforması olan “Kickstarter” platformasına çıxışı təmin olunur. EnterpriseAzerbaijan.com portalı Nyukasl Universiteti ilə birlikdə “Creative Spark” layihəsi çərçivəsində Azərbaycanda sahibkarlığın tədrisinin inkişafı və startapların dəstəklənməsi məqsədilə fəaliyyətlər həyata keçirir.
KOBİA öz növbəsində startapların beynəlxalq miqyasa çıxması, bacarıqların artırılması və maarifləndirmə sahəsində fəaliyyətlər həyata keçirir.
- Dünyada KOB-ların maliyyələşdirilməsində finteklərin rolunu necə qiymətləndirirsiniz?
- Məsələn, Latın Amerikasında finteklər banklar tərəfindən lazımınca xidmət göstərilməyən KOB-lara xidmət göstərməklə onlayn maliyyəyə əlçatarlığını təmin edirlər. Məsələn, “Credijusto finteki” Meksikada, “Konfio onlayn borc platforması” olaraq Latın Amerikasında, “AlphaCredit” Meksika və Kolumbiyada, “Cora” isə Braziliyada KOB-lara biznes kreditləri, kredit kartları, maliyyə sağlamlığının monitorinqi, pul köçürmək, hesab-fakturaları ödəmək və sığorta sahəsində xidmətlər göstərirlər. Cənab Prezident Azərbaycanda KOB-un maliyyələşdirilməsinin gücləndiriməsini vəzifə kimi qoymuşdur. Təkcə banklar deyil, qabaqcıl təcrübəyə əsasən finteklərin də bu sahəyə cəlb olunması məqsədəuyğun görünür. Müqayisə üçün deyək ki, “Credijusto” Meksikada 25 mindən çox müştəriyə 90 milyon dollardan artıq kredit vermişdir. Latın Amerikasında KOB maliyyələşdirilməsini həyata keçirən belə uğurlu finteklərə “Goldman Sachs”, “Kaszek Ventures”, “Ribbit Capital”, “Point72 Ventures”, “SoftBank”, “QED Investors”, “Vostok Emerging Finance” kimi nüfuzlu investorlar da sərmayə yatırır. KOB-un maliyyələşdirilməsinə fintekləri cəlb etməklə biz bir tərəfdən maliyyəyə çıxışı artımaqla yanaşı, digər tərəfədən kredit faizlərinin aşağı düşməsi, bütövlükdə kredit şərtlərinin “yumşalması”na nail ola bilərik. Çünki qabaqcıl texnologiyalardan istifadə etdiyinə görə finteklərin təqdim etdiyi resurslar daha ucuz və əlçatan olacaqdır.
Azərbaycanda 200 milyard manatlıq əsas fondlar var, fondların fiziki və mənəvi aşınmasını nəzərə alaraq demək olar ki, illik ən azı əsas fondların 10 faizi həddində sərmayə yatırılmalıdır ki, əsas fondlar genişlənsin. Bəzən belə hallar da olur ki, əsas fondlara sərmayə yatırılır, amma istehsal gücündən qismən istifadə olunur, fond verimi azalır. Bu da investorların mənfəət normasını aşağı salır. Sərmayə qoyuluşu zamanı sahənin rəqabətqabiliyyəti mütləq nəzərə alınmalıdır.
Real sektorun kapitallaşması üçün sərmayə qoyuluşunu daha çox investorlar həyata keçirməlidirlər. Belə olduqda, investorlar riskin bir hissəsini üzərinə götürməklə, bankları və fintekləri də kredit verməyə daha maraqlı edə bilərlər. Banklar əsas fondlara kredit qoyuluşu ilə yanaşı, daha çox dövriyyə vəsaitlərinə sərmayə yatırmaqda maraqlı ola bilərlər.