Bakı. Elçin Mehdiyev - Trend:
İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Çində yayılmış koronavirusla əlaqədar fevral-mart aylarında bu ölkədə keçirmək istədiyi tədbirləri təxirə salıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev martın 2-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum üçün Asiya bazarları, bununla belə prioritet olaraq qalır.
Y.Abdullayev, həmçinin bildirib ki, 2019-cu ildə Azərbaycanın ixracı 2018-ci illə müqayisədə 0,8 artaraq 19,64 milyard dollar təşkil edib.
O bildirib ki, neft və qaz sənayesi məhsullarının ixracından gəlir 17,68 milyard dollar, qeyri-neft sektorundan gəlir 1,95 milyard dollara bərabər olub.
Y.Abdullayev vurğulayıb ki, bu günədək Azərbaycan 33 ölkəyə ixrac missiyası təşkil edib. Onlardan 9-u 2019-cu ilə təsadüf edib və yeddi ölkəni (Çin, Polşa, Latviya, Qətər, İsveçrə, Rusiya, BƏƏ) əhatə edib.