...

Tahir Mirkişili: Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir

İqtisadiyyat Materials 30 Aprel 2020 12:45 (UTC +04:00)
Tahir Mirkişili: Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar həm 2019-cu ildə, həm də 2020-ci ilin birinci rübündə iqtisadi aktivliyin və əhalinin gəlirlərinin artmasına və bütövlükdə yeni iş yerlərinin açılması ilə sosial həyatın daha da yaxşılaşmasına səbəb olub:

"Aparılan islahatlar nəticəsində iqtisadiyyatda şəffaflığın artması, kölgə iqtisadiyyatının azalması bücdə gəlirlərinin də artmasına şərait yaradıb. Belə ki, büdcə gəlirlərinin 2019-cu ildə bir milyard manatdan çox, 2020-ci ilin birinci rübündə isə 300 milyon manatdan çox artması aparılan iqtisadi islahatların çox mühüm nəticəsi idi. Həm də bunun nəticəsində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi artıb, Azərbaycanda ümumi daxili məhsulunun bütöv həcmini ötüb və ölkənin xarici dövlət borcunun da ümumi daxili məhsula nisbətdə payı azalıb".

Komitə sədri qeyd edib ki, koronavirus pandemiyası yayılana qədər Azərbaycan iqtisadiyyatı kifayət qədər aktiv, yüksək artım göstərən, islahatların nəticəsini insanların öz maddi rifah halında əks etdirən bir şəraitdə fəaliyyət göstərirdi:

"Ancaq təəssüflər olsun ki, koronavirus pandemiyasının yayılması ilə dünya iqtisadiyyatının qlobal böhrana daxil olması, ölkəmizdə insanların sağlamlığının qorunması üçün məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan iqtisadiyyatına da təsir etməyə başlayıb.

Bütövlükdə, dünya iqtisadiyyatı son 70 ildə ilk dəfə olaraq bu həcmdə itki ilə üz-üzədir. Proqnozlara görə, bəzi ölkələr 5, bəziləri isə 20 faizə qədər iqtisadi itkilərlə üzləşəcək. Azərbaycan iqtisadiyyatına pandemiyanın təsiri ilkin olaraq gündəlik 120-150 milyon manat ətrafında dəyərləndirilir ki, bu da ay və ya rüblük ifadədə kifayət qədər böyük bir rəqəmdir. Bununla yanaşı, indiki halda itkilər olmadan koronavirus pandemiyasının təsirindən çıxmaq mümkün deyil. İtkilərin olması təbiidir, qaçılmazdır. Burada əsas məsələ itkiləri nə dərəcədə kompensasiya etmək, dövlətin buna gücü, eyni zamanda postpandemiya dövründə iqtisadiyyatın daha aktiv və sürətli inkişafı üçün indidən yaradacağı zəmin və sahibkarlara, insanlara olan köməkdir".

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövlətinin çevik və operativ addımları insanların sağlamlığını qorumaq üçün çox real nəticələrə gətirib çıxardı və biz həm yoluxanlar, həm də sağalanlar sayına görə kifayət qədər yaxşı vəziyyətdə olan ölkələrdənik:

"Amma digər tərəfdən, 3,5 milyard manatlıq böyük iqtisadi paketin elan olunması Azərbaycanı həm ümumi daxili məhsula, həm də büdcə gəlirlərinə nisbətdə regionda ən böyük iqtisadi və sosial dəstək elan edən bir ölkə kimi müəyyən edib. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir”.

Komitə sədri deyib ki, burada da əsas məqsəd pandemiyanın təsirinə məruz qalmış həm sahibkarlara və muzdlu işçilərə, həm də 600 mindən çox insana sosial dəstəkdir:

"Məqsəd eyni zamanda vergi güzəştləri vasitəsilə stimullaşdırıcı tədbirlər, o cümlədən maliyyə və digər resurslara çıxışın artırılması ilə Azərbaycan sahibkarlarını bu gün daha çox ayaqda saxlamaqla postpandemiya dövründə iqtisadi artımın məhz özəl sektor hesabına olmasını təmin etməkdir.

Bu həm də postpandemiya dövründə yeni yaranacaq davranış qaydaları və yeni idarə etmə formalarına Azərbaycanın indidən hazırlaşması deməkdir. Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasəti ardıcıl, gələcəyə yönəlmiş və insanları qlobal təhlükələrdən qorumağa yönəlik bir dövlət siyasətidir. Bu, sosial dövlət konsepsiyasıdır. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının olduğunu və bundan sonra da olacağını bir daha göstərdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti