...

Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova

İqtisadiyyat Materials 3 Dekabr 2020 19:49 (UTC +04:00)
Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova

Bakı. Trend:

Cənab Prezident İlham Əliyev 1 dekabr tarixində Laçının azad edilməsi münasibətilə xalqa müraciətində bir çox məsələlələ yanaşı Bəyanatın icrası haqqında ətraflı məlumat vermis və bildirmişdir ki, 10 noyabr tarixindən sonra Laçın rayonunun tamamilə ermənilər tərəfindən boşaldılmasına qədər keçən dövrdə baş tutan proseslərdə Bəyanatın icrası ölkə rəhbərliyinin siyasi iradəsi və şəristəsi ilə təmin edilmişdir. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonlarından ermənilər çıxarılaraq, tamamilə işğaldan azad edildi. Artıq razılaşmadan irəli gələrək digər məsələlərin icrası ilə bağlı növbəti mərhələ başlanılır.

Bu sözləri Trend-ə millət vəkili Tamam Cəfərova söyləyib.

Növbəti addımlar nədir? suallarını cavablandıran deputat bildirdi ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev həm azad olunmuş rayonlara səfərləri zamanı, həm xalqa son müraciətində bu məsələlərə toxunub. “Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır”. Prezident cənab İlham Əliyev xalqa sonuncu müraciətində belə deyib.

Tamam Cəfərova qeyd etdi ki, artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır. Cənab Prezident İlham Əliyev 24 noyabr tarixində noyabrın 10-da imzalanan Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahının yaradılması ilə bağlı Sərəncam imzalamışdır. Sözügedən Qərargahın fəaliyyəti ilə azad olunmuş bölgələrdə hədəflənən layihələr və infrastrukturun yenidən qurulması, habelə digər addımların atılması mərkəzləşdirilmiş formada aparılacaqdır.

Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. İişğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri icra edilir. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Böyük dirçəlişin ilkin başlanğıcalarına start verilib. Cənab Prezidentin göstərişi ilə əsaslı layihələr hazırlanır və ilkin addım olaraq fəaliyyətə başlanılıb. Bəli, neçə illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq.

İşğaldan azad edilən ərazilərin inkişaf potensialından danışan millət vəkili bildirdi ki, Qarabağ Azərbaycan üçün böyük iqtisadi potensialdır. İğaldan azad edilən ərazilərin inkişafı bütövlükdə Azərbaycanın inkişafının mahiyyətcə yeni pillləyə qədəm qoymasına, ölkəmizin daha sürətli tərəqqisinə səbəb olacaq. Qarabağda kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın digər sahələrinin inkişafı üçün hər cür ehtiyatlar mövcuddur. Məsələn, işğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaq sahəsi mövcuddur və Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var. Yəni, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək.

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Cənab Prezidentin xalqa sonuncu müraciətində qeyd edilmişdir ki, Laçın rayonunda bizim 22 min hektar, Kəlbəcər rayonunda 24 min hektar, Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində də böyük meşə sahələrimiz var. Bu da bizim böyük sərvətimizdir.

İşğaldan azad edilmiş torpaqların və orada həyatın bərpası üçün çay resurslarımızın çox böyük əhəmiyyəti olacağını qeyd edən Tamam Cəfərova bildirdi ki, bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır. Bunun çox böyük əhəmiyyəti var. Artıq Cənab Prezident tərəfindən müvafiq göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu, özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox böyük təsir göstərəcək amillərdən biridir.

Azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq, xüsusilə Kəlbəcər və Laçının yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olması, əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqaları kimi çox yayılan faydalı qazıntılara malik olması, habelə geniş kurort-rekreasiya potensialına malik olması imkan verəcək ki, yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etsin. Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi-sənayenin inkişafını sürətləndirəcək.

Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq.

Bir sözlə, işğaldan azad olunan ərazilərdə "tikinti bumu” gözlənilir. Ərazilərimizin azad edilməsi nəticəsində biz qarşıdakı illər üzrə qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyimiz proqnozları yenidən işləməli olacağıq. Çünki Ordumuzun bu qələbəsi həm də qeyri-neft sektorumuzun daha sürətlə böyüməsinə təkan verəcək. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza təsiri çox böyük olacaq. İlkin hesablamamız göstərir ki, qarşıdakı illərdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 2 milyard manatdan çox arta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti