...

Ağ Şəhərin Qarabağ Atları Meydanında tamamlama işləri aparılır (FOTO)

İqtisadiyyat Materials 16 Dekabr 2020 10:00 (UTC +04:00)
Ağ Şəhərin Qarabağ Atları Meydanında tamamlama işləri aparılır (FOTO)

Bakı. Trend:

Bakı Ağ Şəhərin Qarabağ Atları Meydanında tamamlama işlərinin Azərbaycanın Vətən müharibəsində çaldığı Zəfər ərəfəsinə düşməsi bu işlərə xüsusi önəm verir.

Bununla bərabər Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü 7 yolun abadlaşdırılaraq təhvil verilməsi işləri aparılır.

Yaşayış, inzibati, ticarət, ofis, məktəb binalarından və yaşıllıq ərazilərindən ibarət Mərkəzi Park kvartalında təhvil veriləcək yollar şəbəkəsinin Babək prospektinə çıxışlarını təmin etmək üçün aidiyyati qurumlar tərəfindən burada irimiqyaslı işlər aparılmışdır - Babək prospekti boyunca 500 mm-lik su xətti, 400 mm-lik yüksək təzyiqli və 400 mm-lik orta təzyiqli qaz xətləri, eləcə də 35 kv-luq elektrik xətti köçürülərək Ağ Şəhər layihəsinə uyğunluğu təmin edilmişdir.

Tamamlanma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB, Delta Telekom və UlTel MMC tərəfindən yerüstü və yeraltı infrastruktur işləri - arabalar üçün panduslar, qoruyucu tumbaların, videokameraların quraşdırılması, su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təchizatı, elektrik xətləri və İT kanal sistemlərinin çəkilməsi təmin edilib.

Qarabağ Atları Meydanının yerləşdiyi eyniadlı mərkəzi küçə şimalda Babək prospektindən başlayaraq, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanını təşkil edir. Küçənin açılması Ağ Şəhər yol infrastrukturunun Babək prospektinə daha bir rahat keçidini təmin edəcəkdir.

Uzunluğu 470 metr, eni 37 metr olan 4-zolaqlı küçədə sürücülərin və piyadaların mütəşəkkil hərəkəti layihələndirilib - Ağ Şəhər layihəsinə uyğun olaraq piyadaların maneəsiz hərəkəti üçün panduslar və yüksəldilmiş keçidlər salınıb, eni 6 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı nişanlarla qeyd edilib, yaşıllıq zolaqları salınıb, velosiped dayanacaqları, sakin və qonaqların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, skamyalar quraşdırılır. Piyadalar üçün yeni yaşıllaşdırılmış ictimai ərazi və avto dayanacaq yerləri salınıb. Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka keçid alır. Küçənin mərkəzində yerləşən Qarabağ Atları Meydanı xüsusi zövqlə həmişəyaşıl ağaclarla bəzədilmişdir.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Bakı Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara, Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.

Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin müasir memarlıq simasına öz tövhəsini verməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti