Bakı. Fərid Zöhrabov - Trend:
Azərbaycan-Rusiya sərhədində yerləşən "Samur" gömrük postunda Rusiya Federasiyasına gedən yük avtomobillərinin sıxlığı yaranıb. Gömrük-keçid məntəqəsində 1000-ə yaxın avtomobil qarşı tərəfə keçmək üçün növbə gözləyir.
Trend xəbər verir ki, bu sıxlığın nə səbəbdən yarandığını "Samur" gömrük postunun rəis müavini Elçin Orucov Real TV-yə danışıb.
O qeyd edib ki, "Samur" gömrük postunda müşahidə olanan sıxlığın əsas səbəbi mövsümlə əlaqədar olaraq daşınan yüklərin eyni zamanda tranzit gömrük prosedurlarına uyğun olaraq aparılan yüklərin sayının artmasıdır: "Bu sıxlığın aradan qaldırılması üçün müvafiq addımlar atılır. Eyni zamanda, qarşı tərəfin gömrük orqanları ilə danışıqlar aparılır. Qısa vaxt ərzində sıxlığın aradan qaldırılması tərəfimizdən təmin ediləcək.
Gün ərzində 250-280 arası yüklü nəqliyyat vasitələri buraxılışı təmin edilir. Qarşı tərəfin texniki imkanlarının zəif olması sıxlığı yaradan səbəblərdən biridir. Rusiya və Gürcüstan arasındakı gömrük keçid məntəqəsinin bağlandığından oradan daşınan bütün tranzit yükləri bizim dəhlizdən istifadə edir. Bu da öz növbəsində sıxlığın yaranmasına gətirib çıxardan səbəblərdəndir".