...

Konyada keçirilən kənd təsərrüfatı sərgisi azərbaycanlı sahibkarlar üçün fürsət ola bilər - MÜSİAD Azərbaycan rəhbəri

İqtisadiyyat Materials 8 Mart 2022 15:48 (UTC +04:00)
Konyada keçirilən kənd təsərrüfatı sərgisi azərbaycanlı sahibkarlar üçün fürsət ola bilər - MÜSİAD Azərbaycan rəhbəri

Bakı. Trend:

Türkiyənin Konya şəhərində keçirilən 18-ci kənd təsərrüfatı sərgisi azərbaycanlı sahibkarlar üçün fürsət ola bilər.

Bunu Trend-ə açıqlamasında Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

O qeyd edib ki, 8-12 mart tarixlərində keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Türkiyədən ümumilikdə 400-ə yaxın şirkət iştirak edir.

R.Cabirli bildirib ki, MÜSİAD Azərbaycandan 11 nəfərlik heyət də sərgidə iştirak edəcək.
Onun sözlərinə görə, MÜSİAD Azərbaycan heyəti Konyada MÜSİAD nümayəndəliyi ilə görüşəcək və istər Türkiyədə, istərsə də Azərbaycanda ortaq görülə biləcək işlər müzakirə ediləcək.

“Bilindiyi kimi, MÜSİAD-a üzv olan iş adamları və şirkətlər müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Hədəfimiz Türkiyədəki müxtəlif sahələrdə, o cümlədən, kənd təsərrüfatı sahəsində çalışan iş adamlarını Azərbaycana cəlb etməkdir”, - deyə o bildirib.

R.Cabirli qeyd edib ki, Azərbaycan və türkiyəli iş adamları arasında əlaqələrin möhkəmlənməsi və bu istiqamətdə addımların atılması MÜSİAD Azərbaycanın maraqları daxilindədir.

“MÜSİAD Azərbaycan olaraq, biz Azərbaycanın müxtəlif bölgələrində olmuşuq və ölkənin ciddi kənd təsərrüfatı potensialına malik olduğunu bilirik”, - deyə o bildirib.

R.Cabirli onu da qeyd edib ki, Konyaya səfər edən MÜSİAD Azərbaycan heyəti, eyni zamanda, İsparta şəhərinə də səfər edəcək.

“İspartaya səfərin əsas məqsədi buradakı MÜSİAD şöbəsi ilə də görüşün keçirilməsidir. İnanırıq ki, bu görüşlərin nəticəsi kimi Azərbaycana investor axını olacaq ki, bu da MÜSİAD-ın başlıca hədəflərindən biridir”, - deyə o bildirib.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti