Bakı. Trend:
Konyada səfərdə olan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan heyəti MÜSİAD Seyidbəy filialının (KONYA) heyəti ilə görüşüb.
MÜSİAD Azərbaycandan Trend-ə verilən məlumata görə, "MÜSİAD Azərbaycan"ın rəhbəri Rəşad Cabirli və "MÜSİAD Seyidbəy"in rəhbəri Yasir Dumlupınar arasında keçən görüşdə tərəflər ortaq reallaşdırılması mümkün olan layihələri müzakirə ediblər.
Görüş əsnasında Y.Dumlupınar R.Cabirliyə filial haqqında məlumat verib. Daha sonra heyətlər MÜSİAD-ın Seyidbəyli filialının üzvlərinə məxsus fabriklərlə tanış olublar.
Qeyd edək ki, 8-12 mart tarixlərində Türkiyənin Konya şəhərində 18-ci kənd təsərrüfatı sərgisi keçirilir. Sərgidə "MÜSİAD Azərbaycan"ın rəhbəri R.Cabirlinin rəhbərliyi ilə qurumdan heyət və azərbaycanlı sahibkarlar da iştirak edirlər.
Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.