...

Beynəlxalq maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatında dinamik inkişafa dair yeni proqnozları necədir?

İqtisadiyyat Materials 21 Aprel 2022 18:30 (UTC +04:00)
Beynəlxalq maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatında dinamik inkişafa dair yeni proqnozları necədir?

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına mənfi təsirini davam etdirir. Elə bundan irəli gəlir ki, dünya iqtisadiyyatının sonrakı inkişaf perspektivləri ilə bağlı beynəlxalq təşkilatların yenilənmiş proqnozları əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir.

Beynəlxalq maliyyə qurumları bildirir ki, geosiyasi ziddiyyətlər, qarşılıqlı sanksiyalar və embarqolar nəticəsində qlobal iqtisadi mənzərə əhəmiyyətli dərəcədə pisləşib. Qlobal iqtisadiyyat hələ koronavirus pandemiyasından tam şəkildə özünə gəlməmiş Rusiya-Ukrayna müharibəsi vəziyyəti daha da pisləşdirib. Sözügedən ölkələr arasında müharibədən əvvəl də dünyada tələb və təklif arasındakı tarazlığın pozulması və pandemiya zamanı həyata keçirilən dəstək tədbirlərinin təsiri ilə bir çox ölkələrdə inflyasiya əhəmiyyətli dərəcədə yüksəlib.

Bu kontekstdə Rusiya-Ukrayna müharibəsi faciəvi humanitar nəticələrlə yanaşı, qlobal iqtisadiyyda artımın ləngiməsinə və inflyasiyanın yüksəlməsinə gətirib çıxarır. Ümumiyyətlə, dünya miqyasında iqtisadiyyat üçün risklər kəskin artıb. Buna paralel olaraq, iqtisadi siyasət sahəsində kompromis həll yollarının tapılması daha da çətinləşib.

Yaranmış vəziyyətdə Beynəlxalq Valyuta Fondu 2022-ci ildə dünya üzrə iqtisadi artım proqnozunu cari ilin yanvar ayında elan etdiyi 4,4 faizlik həddən 3,6 faizə endirib. Təşkilat 2023-cü ildə qlobal iqtisadiyyatın əvvəl gözlənildiyi kimi 3,8 faiz deyil, 3,6 faiz artacağını gözləyir. Halbuki, 2021-ci ilin sonunda bu göstərici 6,1 faiz olub.

Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı da dünya iqtisadiyyatında əvvəl proqnozlaşdırılan artımın olmayacağını bildirir. Əvvəlcə Dünya Bankı bu il qlobal iqtisadiyyatın 4,1 faiz artacağını proqnozlaşdırsa da, indi yenilənmiş gözləntilərə əsasən, artım səviyyəsi ən yaxşı halda 3,2 faiz olacaq. Ümumdünya Ticarət Təşkilatı isə əvvəl proqnozlaşdırdığı 4,1 faiz artım əvəzinə qlobal iqtisadiyyatda indi cəmi 2,8 faizlik yüksəliş gözləyir.

İqtisadi artımın azalması ilə yanaşı, daha bir ciddi problem inflyasiya ilə bağlıdır. Beynəlxalq Valyuta Fondu həm Rusiya, həm də Ukraynadan tədarükün kəsilməsi səbəbindən geosiyasi vəziyyətin əmtəə və ərzaq qiymətlərinə mənfi müstəvidə təsir etdiyini vurğulayır. Qurum bir neçə ölkə istisna olmaqla, qlobal məşğulluq və istehsalın 2026-cı ilə qədər pandemiyadan əvvəlki səviyyədən aşağı qalacağını proqnozlaşdırır. Həmçinin inflyasiyanın 2022-ci ildə inkişaf etmiş ölkələrdə 5,7 faiz, inkişaf etməkdə olan ölkələrdə 8,7 faiz olmaqla, əvvəllər nəzərdə tutulduğundan daha uzun müddət yüksək həddə qalacağı gözlənilir.

Dünya iqtisadiyyatı üçün bədbin proqnozlar verən beynəlxalq maliyyə təşkilatlarının bir çoxunun bu səpkidə Azərbaycanla bağlı gözləntiləri fərqlidir. Məsələn, elə Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,8 faiz artacaq. Halbuki, Beynəlxalq Valyuta Fondunun əvvəlki proqnozunda 2022-ci il üçün Azərbaycanda cəmi 2,3 faizlik artım gözlənildiyi bildirilirdi. Amma bu göstərici 0,5 faiz bəndi artırılıb. Nüfuzli beynəlxalq maliyyə təşkilatlarından biri olan Asiya İnkişaf Bankının yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda real ümumi daxili məhsulun artım tempi 3,7 faiz təşkil edəcək. Bu da sözügedən bankın sonunucu proqnozu ilə müqayisədə 1,2 faiz bəndi çoxdur. Dünya Bankının son proqnozuna görə isə real böyümə 2,7 faiz olacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyinə görə, bu il ölkədə real ümumi daxili məhsulun artım səviyyəsi 3,9 faiz olacaq. Lakin ötən ilin yekunları iqtisadi artım həddinin daha yüksək olacağını da istisna etmir. Belə ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilib, 3,4 faizin əvəzinə 5,6 faiz iqtisai böyümə qeydə alınıb. Bu, proqnozlardan 2,2 faiz artıq olub.

Cari ilin ilk rübünün yekunları da Azərbaycan iqtisadiyyatında 2021-ci il ərzində əldə edilən nailiyyətlərin uğurla davam etdirildiyini göstərir. Birinci rübün yekunları üzrə ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft sektorunda isə 10 faizdən çox artım qeydə alınıb. Qeyri-neft sənaye istehsalında 18 faizdən çox artıma nail olunub. Bu artım templərinin saxlanılması Azərbaycan iqtisadiyyatının cari ildə proqnozlardan daha çox böyüyəcəyini istisna etmir.

Dünya bazarlarında enerji resurslarının yüksək qiyməti, qeyri-neft sektorunda dinamik inkişaf Azərbaycan iqtisadiyyatı üçün daha əlverişli persperktivlər vəd edir. Beynəlxalq Valyuta Fondunun son hesabatına əsasən, bu il neftin orta qiyməti əvvəlki illə müqayisədə 54,7 faiz çox olacaq. Proqnoza əsasən, 2022-ci ildə neftin orta qiyməti bir barrel üçün 106,83 ABŞ dolları təşkil edəcək. Halbuki, cari ildə Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan hesablanıb. Beynəlxalq Valyuta Fondu hesab edir ki, 2022-ci ildə təbii qaz qiymətlərində də artım templəri qorunacaq. Özü də bu enerji növünün qiymətində artım daha da yüksək olacaq və ötən illə müqayisədə bu il 147 faiz təşkil edəcək. Neft və qazın yüksək qiyməti Azərbaycanın valyuta gəlirlərini artıracaq, iqtisadi tərəqqisinə müsbət təsir edəcək.

Qeyri-neft sektoru üzrə də Azərbaycan iqtisadiyyatı artım dinamikasını qoruyacaq. Eləcə də qeyri-neft sektoru üzrə ixrac həcminin artan xətt üzrə inkişafının davam edəcəyi proqnozlaşdırılır. Cari ilin ilk rübündə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 727,2 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sektor üzrə ixrac 225,6 milyon dollar və ya 45 faiz artıb.

İqtisaiyyatda qeydə alınan artım fonunda Azərbaycanda əhalinin maddi rifah halı da yüksəlir. Əhalinin real gəlirlərinin artması, inflyasiya təzyiqlərinin minimal həddə olması üçün hökumət tərəfindən görülən tədbirlər öz müsbət nəticələrini verir. Bütün bunlar Azərbaycanı iqtisadi cəhətdən daha qüdrətli ölkəyə çevirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti