...

Qonşu ölkələrlə avtomobilqayırma sənayesində əməkdaşlığın inkişafı İranın prioritetlərindəndir - İranlı rəsmi (ÖZƏL)

İqtisadiyyat Materials 29 İyun 2022 08:00 (UTC +04:00)
Qonşu ölkələrlə avtomobilqayırma sənayesində əməkdaşlığın inkişafı İranın prioritetlərindəndir - İranlı rəsmi (ÖZƏL)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Qonşu və region ölkələri ilə, eləcə də regiondan kənar dövlətlərlə avtomobilqayırma sənayesində əməkdaşlığı inkişaf etdirmək İranın prioritetlərindən biridir.

Bunu Trend-ə müsahibəsində İranın sənaye, mədən və ticarət naziri müavininin müşaviri Həmid Ədəbi deyib.

H.Ədəbi müsahibəsində avtomobilqayırma sənayesinin inkişaf etdirilməsi ilə əlaqədar İran hökumətinin planlarını açıqlayıb.

O bildirib ki, müxtəlif ölkələrlə əməkdaşlıq əsasən İranın "Irankhodro" Avtomobilqayırma Şirkəti və "Saipa" Avtomobilqayırma Şirkəti tərəfindən həyata keçirilir.

"Qeyd olunan şirkətlərin potensialını nəzərə aldıqda, istehsal proqramlarının icrası və ixrac potensialının artırılması mümkündür", - H.Ədəbi deyib.

Nazirlik rəsmisi qeyd edib ki, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin Nəqliyyat Departamenti mövcud potensiallardan istifadə edərək ixrac bazarlarına daxil olmağı gündəminə salıb.

“Tələb-təklifin uyğunlaşdırılması üçün istehsalın artırılması, qiymətlərin tənzimlənməsi, müasir texnologiyalardan istifadə, müştəri razılığının qorunması və yüksəldilməsi kimi məsələlərin həlli tələb olunur”, - deyə o qeyd edib.

H.Ədəbi deyib ki, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin proqramları sayəsində ölkənin “Irankhodro” və “Saipa” kimi avtomobilqayırma şirkətləri yeni ixrac bazarlarını müəyyənləşdirəcək və beynəlxalq əməkdaşlıqları gücləndirəcəklər.

“Irankhodro və Saipa avtomobilqayırma şirkətlərinin mütəxəssislərinin beynəlxalq müzakirələr aparmaqda olduğunu nəzərə alsaq, tezliklə bu iki şirkətin uğurları haqda müsbət xəbərlər elan olunacaq”, - deyə o qeyd edib.

H.Ədəbinin sözlərinə görə, İranın region ölkələrinə avtomobil ixracı proqramı çərçivəsində “Samand” və “Tara” avtomobillərinin ilkin ixracının ildə 15 min, sonradan 40 min ədədə yüksəldilməsi, eləcə də ehtiyat hissələrinin ixracı gündəmə salınıb: "Bu hədəf İranın minik avtomobillərinin istehsalı sahəsində potensialının olduğunu göstərir", - o bildirib.

İranlı rəsmi qeyd edib ki, Rusiyanın bəzi şirkətləri "Irankhodro" Avtomobilqayırma Şirkəti ilə birgə istehsal obyektlərini istifadəyə verməyə hazır olduqlarını elan ediblər:

"İranın “Saipa” Avtomobilqayırma Şirkəti də beynəlxalq və ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə Rusiya ilə ticarət fürsətlərindən istifadə etməyə çalışır. Bu çərçivədə təxminən 5 il öncə mindən çox “Tiba” minik avtomobili istehsal olunub. Son vaxtlar isə “Quick”, “Shahin” minik avtomobillərinin birgə istehsalı, gələcəkdə də digər avtomobillərin istehsalı istiqamətində genişmiqyaslı səylərin göstərilməsinə başlanıb.

Rusiya şirkətləri İranın "Saipa" şirkəti ilə də əməkdaşlığa maraq göstərirlər. Onlar təkcə “Saipa” şirkətinin avtomobillərini idxal etmək deyil, istehsal texnologiyası və avadanlıqların Rusiyaya nəqli sahəsində də əməkdaşlıq üçün "Saipa" şirkətinin peşəkarlığından faydalanmaq niyyətindədirlər", - H.Əbədi deyib.

İranın Azərbaycanla avtomobilqayırma sahəsində əməkdaşlığına gəlincə nazirlik rəsmisi xatırladıb ki, "Irankhodro" əvvəllər Şamaxı rayonunda “Samand” minik avtomobilinin istehsalını həyata keçirirdi:

"Müvəqqəti əməkdaşlıq dayandırıldıqdan sonra, yenidən 2018-ci ildə Neftçalada “Dena”, “Samand LX” minik avtomobillərinin birgə istehsalı üzrə əməkdaşlıq başlanıb. Bu çərçivədə indiyədək Azərbaycanda təxminən 6,5 min minik avtomobili istehsal olunub və onarın bir hissəsi digər ölkələrə ixrac edilib”, - deyə o qeyd edib.

H.Ədəbi deyib ki, cari ildə "Irankhodro" Avtomobilqayırma Şirkətinin Azərbaycanla istehsal əməkdaşlıqlarının davam etdirilməsi və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün ciddi müzakirələrin aparılması gündəmdədir.

"İranın “Saipa” Avtomobilqayırma Şirkəti “Pride” avtomobillərinin Azərbaycanda satışını təşkil edib. Son illər ərzində “Saipa” avtomobilləri də Azərbaycana ixrac edilib. Lakin pandemiya dövründə şirkətin Azərbaycanla əməkdaşlığı məhdudlaşıb. Hazırda Azərbaycanla yenidən hərtərəfli şəkildə əməkdaşlıq proqramı ilə bağlı araşdırma aparılır", - deyə İranın sənaye, mədən və ticarət naziri müavininin müşaviri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti