...

BƏƏ ilə birgə layihələr üzrə perspektivlər müzakirə olunub

İqtisadiyyat Materials 24 İyun 2022 18:50 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Əmirliklər Milli Neft Şirkətinin (ENOC) sədri Saeed Məhəmməd Əhməd Əl Tayerlə görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə neft-qaz sahəsində əlaqələrin genişləndirilməsi, SOCAR və ENOC arasında əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber ilə görüşüb.

Görüşdə iqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, alternativ enerji mənbələrinin yaradılması istiqamətində ölkəmizin potensialı böyükdür və Azərbaycan bu sahədə “Masdar” şirkəti ilə uğurlu əməkdaşlıq edir. Enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının “Masdar” şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı və neft-kimya üzrə layihələr, “yaşıl” enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Əbu-Dabi İnkişaf Holdinqinin (ADQ) baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə də görüşüb.

Görüşdə neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti