...

Azərbaycan mülki aviasiya sahəsində “Leonardo” konserni ilə əməkdaşlığı genişləndirir (FOTO)

İqtisadiyyat Materials 16 Mart 2023 16:26 (UTC +04:00)
Azərbaycan mülki aviasiya sahəsində “Leonardo” konserni ilə əməkdaşlığı genişləndirir (FOTO)

Bakı. Trend:

AZAL-ın prezidenti Cahangir Əsgərov İtaliyanın “Leonardo” konserninin Baş Kommersiya İdarəsinin beynəlxalq marketinq və strateji kampaniyalar üzrə baş vitse-prezidenti Marko Burattinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xatırladaq ki, “Leonardo” konserni 2006-cı ildən AZAL ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində bir çox layihələr, o cümlədən təyyarələrin, helikopterlərin və s. tədarükü həyata keçirilib. Son illərin layihələri arasında Azərbaycanın azad edilmiş ərazilərində inşa edilmiş beynəlxalq hava limanlarında naviqasiya sisteminin və hava gəmilərinin eniş sisteminin tədarükü də mövcuddur.

Görüş çərçivəsində mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri və bir sıra aktual məsələlər nəzərdən keçirilib. Belə ki, tərəflər ölkənin işğaldan azad edilmiş ərazilərində tikilmiş beynəlxalq hava limanlarında radiolokasiya stansiyasının, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni avtomatlaşdırılmış baqaj idarəetmə sisteminin təchiz edilməsi, o cümlədən donanmanın “Agusta” tipli helikopterlərlə genişləndirilməsi və onlara texniki xidmətin göstərilməsi imkanlarını müzakirə edib.

Cahangir Əsgərov və Marko Buratti birgə layihələr və təşəbbüslər vasitəsilə səmərəli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd ediblər. Onlar Azərbaycan mülki aviasiyasının müxtəlif istiqamətlərində tərəfdaşlığın inkişaf aspektləri barədə fikir mübadiləsi aparıb və uzunmüddətli tərəfdaşlığa hazır olduqlarını bildiriblər.

İtaliyanın “Leonardo” korporasiyası aviasiya və aerokosmik sənayesi üçün innovativ məhsulların geniş çeşidini təklif edir, müdafiə, təhlükəsizlik və s. sahələrdə çoxsaylı imkanları təkmilləşdirir. Mütəmadi tədqiqatlar, rəqəmsal istehsal və davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti