...

Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

İqtisadiyyat Materials 5 Noyabr 2023 08:01 (UTC +04:00)
Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Bakı. Trend:

Noyabrın 5-də Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

Trend xəbər verir ki, 6-cı Çin Beynəlxalq İdxal Sərgisi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Sərgiyə 154 ölkə və beynəlxalq təşkilatdan 3400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılıb. Təxminən 410 min peşəkar ziyarətçi sərgi üçün qeydiyyatdan keçib. Şanxay sərgisində 70-dən çox ölkənin milli stendi ilə yanaşı, müxtəlif sahələr üzrə şirkətlərin biznes pavilyonları da fəaliyyət göstərir.

Noyabrın 10-dək davam edəcək sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

“Made in Azerbaijan” stendində Azərbaycan şirkətlərinin istehsal etdikləri şərab brendləri, digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və digər məhsullar nümayiş olunur. Ziyarətçilərə Azərbaycan məhsullarına dair kataloqlar təqdim edilir, məhsulların dequstasiyası keçirilir. Stenddə ikitərəfli görüşlər üçün xüsusi yerlər ayrılıb ki, burada Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr apara bilirlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti