Bakı. Trend:
Macarıstan Orta Dəhlizin inkişafında maraqlıdır.
Bunu Trend-ə özəl müsahibəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
"Çin indi Macarıstan iqtisadiyyatı üçün ikinci idxal mənbəyidir. Macarıstan Mərkəzi Avropada Çin sərmayəsi üçün bir nömrəli ölkədir. Biz bu regiondan getdikcə daha çox enerji resursları, o cümlədən Qazaxıstandan neft və Azərbaycandan təbii qaz alırıq. Ona görə də biz Asiya və Avropa arasında çatdırılma marşrutlarının imkanlarının artırılmasında maraqlıyıq. Bu o deməkdir ki, biz Orta Dəhlizin imkanlarının artırılmasına töhfə vermək istərdik. Bu baxımdan Xəzər regionundan Mərkəzi Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan “Yaşıl Dəhliz” adlı layihə çərçivəsində Azərbaycan, Gürcüstan və Rumıniya ilə nümunəvi əməkdaşlığımız var", - deyə o bildirib.
Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu ilə yükdaşıma şəbəkələrini birləşdirir.
Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərinin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.
Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətə yükdaşımaların artmasına töhfə verir.
Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
X: @Lyaman_Zeyn