Bakı. Trend:
2024-cü ildə Birləşmiş Millətlər Təşkilatı Azərbaycan üçün ayrılmış büdcəni artırmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə UNDP-nin Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandra Rokkasalvo "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
"2024-cü ildə Azərbaycan üçün ayrılmış büdcəni 37 milyon ABŞ dollarına çatdırmaq niyyətindəyik. Prioritetlərimiz iqtisadi iştirakı genişləndirən əlverişli şəraitin yaradılmasından ibarətdir", - o deyib.
Qeyd edək ki, aprelin 8-də "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib.
Tədbirdə 2024-cü il üzrə çərçivə sənədinin icrası üzrə birgə fəaliyyət planları müzakirə olunub və təsdiqlənib, həmçinin maliyyə ili üzrə büdcə prosesi və strateji istiqamətlər müəyyən edilib.
Bundan başqa, tədbir çərçivəsində sənədin icrasının 5 istiqaməti üzrə yekun qruplarının həmsədrləri 2023-cü ilin yekunlarını açıqlayıb və 2024-cü il üzrə prioritet istiqamətləri müəyyənləşdiriblər.
(Tərcümə: Rəna Əbdürəhmanova)