...

Çin artımın ənənəvi təkanverici qüvvəsindən uzaqlaşır - BVF

İqtisadiyyat Materials 17 Aprel 2024 12:53 (UTC +04:00)
Çin artımın ənənəvi təkanverici qüvvəsindən uzaqlaşır - BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Çin artımın ənənəvi təkanverici qüvvəsindən uzaqlaşır.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) maliyyə müşaviri və Pul-Kredit Sistemləri və Kapital Bazarları Departamentinin direktoru Tobias Adrian BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində qlobal maliyyə sabitliyi hesabatı üzrə brifinqdə deyib.

"Çində ötən il ümumdaxili məhsul (ÜDM) göstəricisi gözləntiləri ötdü. Bütün il ərzində ÜDM 5 faizi ötüb. Beləliklə, ümumi artım sürəti çox yüksək olaraq qalır. Daşınmaz əmlak bazarına investisiyalar uzun illər ərzində Çin üçün artımın təkanverici qüvvəsi olub. Hazırda xüsusən yeni mənzil tikintisində kəskin azalmanı nəzərə alsaq, daşınmaz əmlaka investisiyalarda nəzərəçarpan dərəcədə ləngimə müşahidə olunur. Bunu hakimiyyətin çox fokuslandığı artım modeli nöqteyi-nəzərindən, şübhəsiz, keçid dövrü hesab etmək olar", - deyə o bildirib.

Adrianın sözlərinə görə, ikinci aspekt Çində mənzil qiymətləri ilə bağlıdır.

"Mənzil qiymətlərində ucuzlaşma müşahidə edirik, bu gün mənzil qiymətləri yetərincə orta səviyyədədir. Bu isə, şübhəsiz, maliyyə sabitliyi baxımından güclü tərəfdir. Mənzillərə investisiyalar əksər ev təsərrüfatları üçün ən böyük aktivdir. Əlbəttə, banklar mənzil bazarına təsirə malikdir. Mənzil qiymətləri ucuzlaşsa da, bu olduqca kəskin baş verdi.

Maliyyə sektorunun sabitliyi baxımından regional səviyyədə mənzil bazarlarının qeyro-həmcinsliyini nəzərə almaq çoax vacibdir. Bir sıra iri şəhərlər mənzil tikintisi nöqteyi-nəzərindən yaxşı nəticələr göstərməyə davam edir, digər vilayətlərdə isə göstəricilər bir qədər zəifdir.

Biz, həmçinin, bankçılıq sektorunda bu regional qeyri-bərabərliyi görürük, bu səbəbdən nisbətən kiçik bankların və daha zəif vilayətlərin bəziləri daha inkişaf etmiş vilayətlərdəki banklardan belə deyək, daha çox əziyyət çəkir", - o deyib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçirilir.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biridir. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunur.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti