Bakı. Trend:
İslam İnkişaf Bankı (İİB) Qırğızıstanın təhsil sisteminə 10 milyon dollar ayıracaq.
Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB) Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində Qırğızıstan Nazirlər Kabineti sədrinin birinci müavini Adılbek Kasıməliyev panel müzakirələri zamanı deyib.
“4,8 milyon ABŞ dolları dəyərində olan tədrisin əsasları layihəsini dəstəkləyən təhsil üzrə qlobal inkişaf tərəfdaşlığı vasitəsilə əhəmiyyətli irəliləyiş əldə edilmişdir. Layihə sayəsində 41 icma uşaq bağçasında reabilitasiya işləri başa çatdırılmış, 60 icma uşaq bağçası üçün zəruri mebel və tədris oyun materialları alınmış, müəllimlər üçün distant təhsili üçün ilk dəfə olaraq rəqəmsal tədris kursu hazırlanmışdır. Qırğızıstanda 2021-2040-cı illər üçün təhsilin inkişafı strategiyasının hazırlanmasında texniki yardımı ayrıca qeyd etmək istərdim. Bu komponentin həyata keçirilməsi ölkədə bütün təhsil sektorunun inkişafına təkan olacaq. Səudiyyə İnkişaf Fondundan ayrılan 500 milyon ABŞ dolları məbləğində vəsait 36 dövlət məktəbi və 10 təhsil müəssisəsinin tikintisinə sərf olunacaq. İslam İnkişaf Bankı (İİB) Qırğızıstanın təhsil sisteminə 10 milyon dollar ayıracaq", - deyə o bildirib.
Kasıməliyev qeyd edib ki, bu iki əsas tərəfdaşın ölkədə təhsilin inkişafına marağı Qırğızıstanın təhsil sektorunu dəstəkləmək üçün təhsil üzrə qlobal tərəfdaşlıq çərçivəsində 15 milyon ABŞ dolları məbləğində qrant resurslarını əldə etməyə imkan verib.
Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.
2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi”dir.
Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.
Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.
Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edəcəklər.