Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 2,4 milyon manat sığorta ödənişi edilib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon manat, yaxud da 56,7% çoxdur. Belə ki, 2024-cü ilin ilk ayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 1,5 milyon manat sığorta ödənişi edilib.
Yanvarda bu sığorta sinifi üzrə sığorta haqqlarının həcmi isə 5,6 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 1 milyon manat və ya 21,7% çoxdur. Ötən ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 4,6 milyon manat sığorta haqqları toplanıb.
Bəhs olunan dövrdə bu sığorta növü üzrə toplanılmış hər 100 manat sığorta haqqından 42,6 manat sığorta ödənişi edilib ki, bu da, illik müqayisədə 9,2 manat artıqdır. Ötən ilin müvafiq dövründə bu məbləğ 33,4 manat idi.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.