Bakı. Trend:
İran və Azərbaycan arasında ticarət, tranzit, enerji və regional əməkdaşlıq iki ölkənin potensiallarını təkmilləşdirə bilər.
Trend-in məlumatına görə, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini və İran-Azərbaycan Birgə Ticarət Palatasının iranlı həmsədri Hüseyn Pirmoəzzen palatanın informasiya portalında yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri diplomatik görüşlərdən əlavə, iki ölkənin müxtəlif sahələrdə potensiallarından faydalanmaq üçün əvəzolunmaz imkanlar yaradacaq.
Pirmoəzzen qeyd edib ki, İran prezidentinin Azərbaycana səfərinin əhəmiyyətini bir neçə nüansla qeyd etmək olar.
"İki ölkə arasında coğrafi, mədəni və iqtisadi müştərəklik regional ticarət əməkdaşlığında uğurlu örnək yarada bilər. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmiryolu, quru yol və dəniz yolu layihələrində əməkdaşlıq İran üçün strateji əhəmiyyət kəsb edir. İran prezidentinin Azərbaycana səfəri beynəlxalq tranzitdə önəmli rola sahib ola bilər”, - deyə o qeyd edib.
İranlı palata rəsmisi əlavə edib ki, hazırda iqtisadiyyat investisiyanın cəlb olunması, təhlükəsizlik şəraitinin yaradılması və özəl sektor əməkdaşlığının inkişaf etdirilməsinə əsaslanır.
"Birgə şirkətlərin yaradılması, enerji, kənd təsərrüfatı, texnologiya sahələrində qarşılıqlı investisiya, birgə sənaye parkının yaradılması iki ölkənin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrini yeni mərhələyə daxil edə bilər.
İran və Azərbaycanın neft, qaz və bərpa oluna bilən enerji sahəsində dəyərli təcrübələrini nəzərə aldıqda qaz svopu, sərhəd elektrik stansiyalarının tikilməsi, elektrik mübadiləsi, enerji nəqli üzrə infrastrukturların inkişaf etdirilməsi uzunmüddətli əlaqələrdə etibarlı əsas ola bilər.
Azərbaycanla iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələr Cənubi Qafqazın digər ölkələri və Mərkəzi Asiya ölkələri ilə İranın münasibətlərini inkişaf etdirməsi üçün örnək ola bilər. Belə bir strategiya sanksiyalar qarşısında təsirləri azaldaraq, iqtisadi şəriklərin artması və ticarət monopoliyasının azalması ilə nəticələnəcək.
Ümumilikdə İran prezidentinin Azərbaycana səfəri regional iqtisadi münasibətlərdə yeni nizamın başlanğıcı ola bilər. Bu səfərdə əldə olunacaq razılaşmaların diqqət mərkəzində saxlanması, özəl sektorun imkanlarından faydalanmaq prioritet olacaq”, -deyə o bildirib.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 28 apreldə Azərbaycana səfər edəcək.