Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin ixrac gəlirləri 23,1 milyon ABŞ dolları olub.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövründə idarə ixracdan gəlir əldə etməyib.
Qeyd edək ki, bu dövrdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 105,7 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 milyon ABŞ dolları və ya 18,5% çoxdur. 2024-cü il yanvar-mart aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 89,2 milyon ABŞ dolları idi.
Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Qaradağ Şüşə Zavodu” ASC.