Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir A.Bədəlova/ OPEK-ə üzv ölkələr təşkilatın növbədənkənar iclası öncəsi hasilat kvotasının azaldılması zərurəti ilə bağlı ciddi fikir ayrılıqları ilə qarşılaşıblar. Qiyməti bir barel üçün 50 dollardan aşağı düşən və kartelə üzv ölkələrdə daha çox narahatlıq yaradan neftin dünya bazarlarındakı qiyməti, təşkilatın büdcəsi üçün əsl təhlükə ifadə edir.
"Təşkilat üzvlərinin neftin dünya üzrə qiymətlərinin düşməsindən yaranan itkisi təqribən 700 mlrd. dollar təşkil edib", - deyə OPEK sədri Şakib Xəlil Əlcəzairin El Khabar qəzetinə müsahibəsində bildirib. ABŞ -ın Dövlət Enerji İnformasiyaları İdarəsindən (EIA) isə, Trend -a bildriblər ki, OPEK-in neft ixracından mənfəəti gələn il 2008 - ci illə müqaiysədə 384 mlrd. dollar azalacaq.
Lakin kartel üzvlərinin hamısı qiymətlərin sürətlə düşməsini dayandırmaq məqsədilə öz hasilatlarını azaltmaq niyyətində deyil. Belə ki, Nigeriya bəyan edib ki, maliyyə böhranı şəraitində valyuta mədaxilindən məhrum olmaq niyyətində deyil və buna görə, hasilatın azaldılması ilə razı deyil. İran və Küveyt istehsalın azaldılması mövqeyindən çıxış edir.
Londonun Financial Times qəzeti yazır ki, kartel yaxın vaxtlarda fikir ayrlığının aradan qaldırmasa və öz sıralarında birliyi təmin edə bilməsə, bu, beynəlxalq təşkilatın iflasına gətirib çıxara bilər.
Kartel rəhbərlərinin qeyri - rəsmi görüşü noyabrın 29 - da Qahirədə keçiriləcək. OPEK-in oktyabrın 24 - də Vyanada keçirilən növbədənkənar iclasında noyabrın 1-dən neft hasilatının sutkada 1,5 mln. barel azaldılması barədə qərar qəbul olunub. Əvvəllər kartelə üzv ölkələrin neft nazirlərinin növbəti görüşünün dekabrın 17- də Əlcəzairdə keçirilməsi planlaşdrılmışdı. Xəlilin sözlərinə görə, görüş zamanı mühüm qərar qəbul oluna bilər.
Lakin, analitiklərin fikrincə, hasilat üzrə kvotanın azaldılması barədə qərar artıq OPEK-in növbədənkənar iclasında qəbul olunacaq. Ancaq onun səmərəli olub - olmaması məsələsi ekspertlərdə böyük şübhə yaradır.
OPEK-in sentyabrda keçirilən konfransı təşkilatın neft bazarında öz təsirini itirdiyini göstərdi. Burada neft hasilatı həcminin sutkada 520 min barel azldılaraq 28,8 mln. barelə çatdırılması barədə qərar qəbul olunub. Bu qərar arzulanan nəticələrə gətirib çıxarmadı. Kartel üzvləri tərəfindən oktyabrda neft hasilatının azaldılması da səmərəsiz oldu.
Analitiklər bu gün neft qiymətlərini idarə edən əsas amillərdən birinin dünya iqtisadiyyatının hazırkı vəziyyəti olduğunu təsdiq edirlər. "Dünya iqtisadiyyatının artma perspektivi o qədər pisdir ki, treyderlər tələbat artımı gözləmirlər", - deyə Trend -a İtaliyanın Bruno Leoni İnstitutu Enerji Departamentinin direktoru Karlo Staqnaro (Carlo Stagnaro) bildirib.
Böyük Britaniyanın iqtisadi araşdırmalar üzrə Konsaltinq şirkəti Capital Economics-in beynəlxalq eksperti Hüqo Navarronun (Hugo Navarro) fikrincə, qiymətlərin mənfi dinamikasına təsir edən amillərdən biri İqtisadi Əmkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə tələbatın düşməsidir.
"Dünya maliyyə böhranı inkişafda olan ölkələrə, o cümldən Çin və Hindistana zərər vurduqca, həmin ərazilərdə neftə təlabat zəifləyir", - deyə Trend -a Navarro bildirib.
Onun fikrincə, OPEK yaxın illərdə hasilatı sutkada 2,5 mln. barelədək azaldacaq. Lakin bunun neft qiymətlərinin düşməsini zəiflədəcəyinə baxmayaraq, iqtisadçı hesab edir ki, əvvəlki tendensiyanı qaytarmaq mümkün olmayacaq.
Nyu-York birjasında cümə axşamı keçirilən alqı - satqının yekunu üzrə, dekabrda tədarük olunacaq WTI markalı neftin fyuçers müqaviləsinin qiyməti dörd dollar düşərək, bir barel üçün 49,62 dollara çatıb. Yanvar müqaviləsi 4,68 dollar ucuzlaşıb və bir barel üçün 49,42 dollara çatıb. London birjasında Şimal dənizindən hasil edilən Brent növlü neft üzrə yanvar müqaviləsi 3,64 dollar ucuzlaşaraq, bir barelə görə 48,08 dollara çatıb Bu, 2005 - ci ilin mayından bu yana ən aşağı göstəricidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]