Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir N.İsmayılova/ "Avropa Komissiyası imzalamaq üçün Azərbaycan hökumətinə "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində assosiativ saziş təqdim etməyə hazırlaşır", - Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams Azərbaycan Vergilər Nazirliyində görüşdə bildirib.
Avropa İttifaqının Nazirlər Şurası 2008 - ci il iyunun 20 - də keçirilən iclasında Aİ, Ermənistan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Azərbaycanın iştirakı ilə "Şərq tərəfdaşlığı" forumunun yaradılması və şərq qonşuları ilə regional əməkdaşlığının, o cümlədən ikitərəfli səviyyədə inkişafnı təqdir edib. Avropa Komissiyası, 2009- cu ilin iyununda "Şərq tərəfdaşlığı" ölkələri ilə əməkdaşlıq üzrə siyasətin razılaşdırılması üçün, iştirakçı ölkələrin sammitini keçirməyi planlaşdırır.
Vaddamsın sözlərinə görə, assosiativ saziş çərçivəsində, Azərbaycan Aİ-nin tərəfdaşına çevriləcək, əməkdaşlığın güclənməsi isə, ölkəyə gələcəkdə Avropa İttifaqına üzvlük üçün müraciət etməyə imkan verəcək.
"Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələr, Avropa İttifaqının qanunlar toplusunu qəbul etməlidirlər. Proqram prioritet sahə kimi azad ticarət zonasını, təhlükəsizlik sahəsində, o cümlədən narkotiklərin yayılması sahəsində, traffikinq və s. mübarizə üzrə əməkdaşlığı nəzərdə tutur.
"Azərbaycanın "Avropa Qonşuluğu" siyasəti (ENP) çərçivəsində 2007 - 2012 - ci illərə qəbul etdiyi fəaliyyət planının realizəsi Azərbaycan qanunvericiliyinin Avropa normalarına uyğunlaşdırılması prosesini sürətləndirəcək, gələcək iqtisadi inteqrasiya üçün güclü bünövrə yaradacaq", - vergilər nazirinin müavini Natiq Əmirov qonaqla görüşdə bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]