...

Sosial ədalət naminə iqtisadi bərabərlik

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2009 17:54 (UTC +04:00)
Sosial ədalət naminə iqtisadi bərabərlik

Azərbaycan, Bakı, 17 fevral / Trend /  

Bu yaxınlarda Davosda keçirilən ümumdünya iqtisadi forumunda qlobal iqtisadi böhranla bağlı aparılan müzakirələr zamanı açıqlanan acı həqiqət bir daha onu göstərdi ki, uzun illərdən bəri kapitalist dünyasının bütün bəşəriyyətə tətbiq etməyə çalışdığı bazar iqtisadiyyatının əsasında qurulan dünya iqtisadi modeli həddindən artıq kövrək bir model imiş. Əgər bu modelin müasir strukturuna bir daha dərindən nəzər salsaq, orada olan sosial-iqtisadi ədalətsizlikləri, bazar iqtisadiyyatının özəyini təşkil edən azad rəqabət şərtlərini, ayrı-ayrı iqtisadi iştirakçılar üçün qeyri-bərabərliyini, milyonlarla insanın həyatına son qoyan ədalətsizlikləri görərik. Nikbin əhval-ruhiyyə ilə Davos forumuna dəvət olunmuş qırxdan çox ölkənin dövlət və hökumət başçıları və müxtəlif ölkələrdən təşrif buyurmuş üç minə yaxın iş adamlarının qatıldıqları toplantıdan çox bədbin fikirlərlə öz ölkələrinə dönməsi də toplantını izləyən insanların gözündən yayınmadı. Həm də bu forumda dünya iqtisadi birliyi, artıq sistem xarakteri daşıyan növbəti qlobal iqtisadi böhrandan çıxış yollarının tapılmasında öz acizliyini bir daha sübut etdi. Rusiya dövlətinin eks-prezidenti, Boris Yeltsinin hakimiyyəti dövründə iqtisadi proqramların generatoru hesab edilən Anatoliy Çubaysın "Mən bura gələndə fikirləşirdim ki, iqtisadi dünyada vəziyyət pisdir, ancaq mən yanılmışam, əslində vəziyyət daha da pis imiş" söylədiyi etiraf bunlara bir sübutdur. Artıq bütün dünya etiraf etməkdədir ki, yaşamaqda olduğumuz iqtisadi dünyada əsaslı şəkildə "təmir" işləri aparılmalıdır. Konkret olaraq bir neçə dövlətin milli valyutalarını, beynəlxalq ticarət aləmindəki tam hökmranlığı yüzlərlə ölkənin təbii sərvətləri və iqtisadi potensialı gücünə formalaşan dünya iqtisadiyyatında sosial tarazlığı pozan əsas amillərdən biridir. Paradoks ondan ibarətdir ki, böhrandan böhrana bu valyutalar öz nüfuzlarını daha da artırırlar və sanki elə böhranın özü ilə qidalanırlar. Qlobal iqtisadi böhranlar zamanı bu valyutalara təlabat daha çox artır və bu zaman yüzlərlə ölkə öz milli valyutasının iflasa uğramasının qarşısını almaq məqsədi ilə, illərlə əldə etdiyi iqtisadi nailiyyətlərini "xərcləmək" məcburiyyətində qalırlar. Lakin buna baxmayaraq, sivilizasiya daimi inkişafdadır, nəsillər bir-birini əvəz etdikcə fikirlər də təzələnir və günlərin bir günündə cəmiyyət ayılaraq başa düşür ki, daha belə davam edə bilməz. Demokratiyanın əsas prinsiplərindən biri də, hər bir xalqin öz inkişaf modelini onun öz milli mənsubiyyəti və milli maraqları əsasında qurmasıdır. Azərbaycan dövləti də belə bir inkişaf yolu seçmişdir və bu ölkə öz inkişaf yolunu kənardan heç bir qüvvələrin təsiri olmadan keçmək istəyir, eləcə də digər ölkələrə də belə yol arzulayır. Müasir dünya iqtisadiyyatında bazar prinsiplərinin çoxsaylı qlobal iqtisadi böhranlar nəticəsində konkret olaraq bir neçə dövlətin milli valyutaları ətrafında formalaşması faktoru ayrı-ayrılıqda hər bir dövlətin iqtisadi inkişafına öz mənfi təsirini göstərməkdədir. Dünya iqtisadiyyatında hökmranlığını getdikcə artıran, bir və ya bir neçə dövlətə məxsus olan valyuta vahidlərinin, digər milli valyutaları "əzişdirməsi" artıq dözülməzdir.

Bəs çıxış yolu nədə görünür?

 

Dünya iqtisadiyyatının sabit inkişafı üçün vahid dünya valyutasının mövcud olmasının vacibliyini əlbəttə heç kim inkar edə bilməz. Elə ona görə də qlobal itisadi məkanda, bütün dünya dövlətlərinin inkişaf yolunda bərabər hüquq prinsiplərini əsas tutaraq, Vahid Dünya Valyutasının (VDV) iqtisadi modelini hazirlamağın vaxtı çatmışdır. Artıq bununla baglı bir neçə təkliflər beynəlxalq toplantılarda ayrı-ayrı dövlətlərin nümayəndələri tərəfindən səslənmişdir. Lakin bu təkliflərin heç biri müasir dünya iqtisadiyyatında bütün dövlətlər üçün bərabər iqtisadi şəraitin yaradılmasına tam təminat verə bilmir. Məsələn, Qazaxıstan dövlətinin prezidenti çox hörmətli Nursultan Nazarbayevun yanvar ayının 24-də Hindistanın Dehli şəhərində Qazaxıstanla Hindistan arasında keçirilən biznes forumunda "yeganə dünya valyutasının" yaradılması haqqında irəli sürdüyü təklif, hər bir dövlətin öz milli valyutası yalnız öz daxili dövriyyəsində saxlanmaq şərtı ilə səmərəli ola bilər. Çünki, hər bir dövlətin özünün milli valyutası olmadığı halda, bu dövlət öz inkişaf modelini, xaricdən iqtisadi təzyiqlərə məruz qalmadan milli maraqları ətrafında qura bilməz. Fikrimcə, bu yalnız dövlətlərarası bir hesablaşma valyuta vahidi olmalıdır ki, dünyanın bütün dövlətləri bu vahiddən azad rəqabət şəraitində, bərabər hüquqla istifadə edə bilsinlər. Bu valyuta vahidi, həm də dünyada sabitliyi pozan və beynəlxalq hüquq normalarının tələblərini rədd edən dövlətlərə qarşı, o cümlədən kiçik bir vilayətin özünü müstəqil respublika elan etdiyi zaman, dünya birliyinin əvəzsiz cəza vasitəsi kimi istifadə edə biləcəyi bir valyuta olmalıdır. İqtisadi blokadaya alınaraq, xarici ticarət fəaliyyətindən tam məhrum olan subyekt çox yaşaya bilməz. Beləliklə, o zaman dünyada, öz iqtisadiyyatının özülünü narkotik maddələrin satışından gələn pulların əsasında quran və dünyamızı qorxu içərisində yaşadan, terror qruplarını dövlət səviyyəsində dəstəkləyən dövlətlərə qarşı da bu cəzanı tətbiq etmək mümkündür. Hər kəsə sirr deyil ki, separatçılıq və terrorçuluq meyli müasir dünyamızda bəşəriyyəti zülmətə doğru sürükləyən qanlı bir axındır ki, onun qarşısını almaq yalnız ona qida verən maliyyə mənbələrini boğmaqla mümkündür. Belə bir amil kifayətdir ki, bütün dövlətlər, dünyamızın parlaq gələcəyi naminə, qarşılıqlı razılığa gələrək, keyfiyyətcə daha ədalətli olan yeni bir iqtisadi sistemin yaranmasına rəy versinlər.

İndi isə, misal olaraq vahid dünya valyutasının əsas dövriyyə prinsipləri haqqında:

Bu valyuta yalnız dövlətlərarası ticarət əlaqələri zamanı hesablaşma vahidi kimi qəbul olunmalıdır. Dünyanın iqtisadi bazarındakı tarazlığı pozmamaq məqsədi ilə, ilkin mərhələdə vahid valyutanın hər bir dövlətin milli valyutasına nisbətini (dünya iqtisadiyyatında yaranan mövcud faktı nəzərə alaraq) ABŞ dolları məzənnəsi ilə qəbul etmək məsləhətdir. Lakin daha sonra vahid valyutanın məzənnəsi bazar yolu ilə deyil, Vahid Dünya Valyuta Bankının (VDVB) tərkibində yaranacaq iqtisadi nəzarət komissiyasının və maraqlı dövlətlərin Milli Bankının birgə qərarı ilə, həmin dövlətdə aparılan iqtisadi inkişafın nəticələrinə və inflyasiyanın səviyyəsinə əsaslanaraq təyin olunmalıdır. Hər bir dövlətin özünün milli valyutasını döyriyyədə saxlamaq hüququ ilə, onun milli valyutasından başqa, daxili bazarında qeyri valyutaların, o cümlədən vahid dünya valyutasının dövriyyəsi qadağan olunmalıdır. Bu çox vacib bir şərtdir və pul vəsaitinin alverçilik alətinə çevrilməsinin qarşısını almaq üçün bir vasitədir. Dövlətlər və eləcə də şirkətlər arasında aparılan bütün xarici ticarət əməliyyatları zamanı hesablaşmalar VDVB tərəfindən həyata keçirilir. VDVB kredit siyasəti ilə məşğul olmur. VDVB dövlətlərarası ali maliyyə nəzarət orqanı statusuna malik olur və onun ali idarə heyəti iştirakçı dövlətlər tərəfindən hər beş ildən bir seçilir. VDVB-nin hər bir dövlətdə nümayəndəliyi açılır və bu nümayəndəliyə həmin dövlətin ərazisində beynəlxalq ticarət əməliyyatları zamanı vahid valyutaya nəzarəti funksiyası həvalə edilir. Hər bir dövlət üçün ayrıca vahid valyuta kvotası müəyyən edilir. İlk mərhələdə kvotanın miqdarı hər dövlət üçün onun daxili və xarici bazarında yerləşən qeyri valyutaların və qiymətli kağızların, həcminin ABŞ dollarına olan ekvivalentinə bərabər təyin edilir. Hər bir dövlətin daxili dövriyyəsində olan milli valyutasının miqdarı müəyyən edilən zaman, ona məxsus olan vahid dünya valyutasının məbləği də likvid aktiv kimi nəzərə alınır. Ölkələrarası səyahət zamanı, vətəndaşlar sərhəddən keçən zaman öz milli valyutasını, vahid dünya valyutası vasitəsi ilə gedəcəyi ölkənin valyutasına çevirmək imkanına malik olurlar. Bu zaman bu məbləğ vahid valyutaya çevrilərək, ərazisindən çıxdığı dövlətin vahid valyuta kvotasından azalaraq, gedəcəyi dövlətin kvotasının həcminə qatılır və s. Beləliklə də, bir dövlətin digər dövlətdə yerləşən təbii sərvətlər hesabına bəhrələnməsi prosesinə son qoyulur.

Daha sonra qeyd etmək lazımdır ki, yeni iqtisadi sistem hər hansı bir dövlətin daxili bazarında gedən iqtisadi proseslərin, başqa bir dövlətin iqtisadi inkişafına mənfi təsirini sıfıra endirir. Bu çox vacib bir amil olaraq, hər bir dövlətə öz daxili bazarında gedən iqtisadi proseslərə tam nəzarət etmək imkanı yaradır. Belə olduğu halda hər bir ölkə  inkişaf yolunu öz milli mənafeyinə uyğun olaraq seçir və dövlətlərarası azad rəqabət prinsipi ilə inkişaf edir. Beləliklə, təklif etdiyim iqtisadi modelin əhəmiyyətliliyi onu deməyə əsas verir ki, bu modelin mənfi cəhətləri sıfıra bərabərdir. Ancaq bu modelin əsas müsbət cəhətlərindən biri ondan ibarətdir ki, müasir dünya iyirminci əsrdə qarşılaşdığı hərbi, siyasi, etnik, iqtisadi bəlalardan birdəfəlik "yaxasını" qurtararaq, iyrimi birinci əsrdə inkişafa doğru daha inamla addımlamaq imkanı tapır.

Bütün bu qeyd etdiklərim yalnız bir konsepsiya xarakteri daşıyır. Bu konsepsiya layihəsini təkmilləşdirərək iqtisadi modelə çevirmək üçün mütəxəssislərin iştirakı ilə beynəlxalq konfransların təşkilini və daha geniş müzakirələrin aparılmasını məqbul hesab edirəm.

"Bizim Vətən" İnformasiya Mərkəzinin direktoru, iqtisadçı-analitik Köçəri Həsənov

Müəllifin fikirləri Trend informasiya agentliyi redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti