...

Azərbaycan Prezidenti Mingəçevirin bir sıra müəssisələri ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend / Mingəçevirə səfəri çərçivəsində Prezident İlham Əliyev "İnterenerji" MMC-nin işi ilə tanış olub. "Azerenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, MDB-də analoqu olmayan bu müəssisə 2006-cı ildən fəaliyyət göstərir.

Ötən il MMC 35 milyon 480 min manat həcmində tikinti işləri və 1,403 milyon manat həcmində tikinti-təmir işləri həyata keçirib. Müəssisənin ştatında 1400 əməkdaş var.

Üçnövbəli rejimdə fəaliyyət göstərən dəmir-beton məmulatları zavodunda 640 nəfər çalışır. İşçilərin orta aylıq əmək haqqı 460 manatdır. 2008-ci ildə metal dirəklərin mexaniki yığım və istehsalı üçün sex istismara verilib. Ümumilikdə isə ötən il müəssisə 8200 kubmetr dəmir-beton konstruksiyası, həmçinin yüksək gərginlikli elektrik naqilləri üçün dirək hazırlayıb. Zavod 10, 220, 400 kilovoltluq elektrik xətləri üçün dəmir-beton dirəklərinin istehsalına lazım olan xammalın bir hissəsini Ukrayna və Rusiyadan alır.

Azərbaycan Prezidenti həmçinin "Azelektroizolit" zavodunun bazasında istifadəyə verilən "Mingəçevir İzolit" ASC-nin işi ilə də tanış olub. Bu barədə məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Müəssisəyə xammal əsasən Rusiya, Ukrayna və Səudiyyə Ərəbistanından idxal olunur. 2008-ci ildə tam özəlləşdirilmiş "Mingəçevir İzolit"də şüşə-plastmasdan ümumi istifadə üçün borular, elektrotexnikada istifadə olunan xüsusi borular və silindrlər, güc transformatorları üçün izolyatorlar, neft-qaz quyularının qazma və istismarı zamanı istifadə olunan borular və b. istehsal olunur.

Hazırda burada 155 nəfər çalışır. Onların orta aylıq əmək haqqı 206 manatdır. Yaxın gələcəkdə, müəssisənin tam gücü ilə işləməyə başladığı vaxt işçi yerlərinin sayı 400-ə çatdırılacaq.

"Mingəçevir İzolit"Rusiya, Qazaxıstan, ABŞ və başqa ölkələrin böyük müəssisələri üçün yüksək keyfiyyətli məhsul istehsal edir. "Halliburton Enerji Servis" şirkəti müəssisənin istehsal etdiyi boruları Brüsseldə sınaqdan keçirib və müsbət rəy verib.

Polietilen və polipropilen məhsul istehsal edən sex avadanlığı Türkiyədən gətirilib. Sexdə istehsal olunmuş məhsul su, qaz və kanalizasiya xətlərinin salınmasında istifadə olunur. Xammal əsasən Koreya Respublikasından alınır.

Yaxın zamanda məhsulun ixracı ilə bağlı xarici şirkətlərlə müqavilələrin imzalanması planlaşdırılır.

Prezident İlham Əliyev martın 3-də Mingəçevirdə "River Side" mehmanxanasının açılışında iştirak edib. Kür sahilində yerləşən ümumi sahəsi 7000 kv metr olan beşmərtəbəli binada 30 otaq, 60 nəfərlik konfrans zalı, yay restoranı, 120 nəfərlik restoran, kafe-bar, idman zalı, trenajor zalı və b. vardır. Bununla yanaşı turistlərin rahatlığı üçün 80 avtomobillik dayanacaq da hazırlanıb.

Beynəlxalq standartlar tətbiq olunan "River Side", yüksək xidmət səviyyəsi ilə fərqlənir. Burada turistlərin məhsuldar istirahəti üçün bütün şərait yaradılıb. Ov və balıqçılıq həvəskarlarının da maraqları nəzərə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti