...

Azərbaycan iqtisadiyyatında daxili investisiya xarici yatırımı əhəmiyyətli dərəcədə üstələyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2009 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir Ü.İsmayılova /

2009-cu ilin yanvar-iyul aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən 4082,5 milyon manat yatırılıb. Bu da keçən ilin müvafiq dövründə əsas kapitala investisiya qoyuluşundan 9,7 faiz azdır. Bazar ertəsi Azərbaycan Dövlət Statistika Komitəsindən deyildiyi kimi, özəl mülkiyyətdə olan müəssisə və təşkilatlar əsas kapitala 1605,1 milyon manat (bütün investisiyanın 39,3 faizi), dövlət mülkiyyətində olanlar isə 2477,4 milyon manat (60,7 faiz) qoyub.

Təmir-tikinti işlərinə investisiyanın həcmi il ərzində 1,5 faiz artaraq 2875,5 milyon manat təşkil edib. İstehsal obyektlərinin tikintisi üçün 3171,4 milyon manat, qeyri-istehsal obyektləri üçün isə 911,1 milyon manat investisiya qoyulub.

Xarici investisiya 17,3 faizlik xüsusi çəki ilə 706,23 milyon manat təşkil edib. Müvafiq olaraq investisiyanın ümumi həcmindən 82,7 faiz daxili investisiyanın payına düşür. Onların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb. Daxili investisiyanın böyük hissəsi (69,7 faiz) dövlət müəssisə və təşkilatları tərəfindən qoyulub. Yalnız 30,3 faiz özəl müəssisələr tərəfindən yatırılıb.

Əsas kapitala qoyulmuş vəsaitdən 26,7 faiz (1088,6 milyon manat) ölkənin neft sektorunun, 73,3 faiz isə (2993,9 milyon manat) qeyri-neft sektorunun inkişafına yönəldilib. Qeyri-neft sektoruna yatırılan investisiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artıb.

39,3 faiz investsiya sənaye, 3,7 faiz kənd təsərrüfatı, 2,5 faiz ticarət və xidmət, 0,7 faiz tikinti, 26,4 faiz nəqliyyat, 1,9 faiz rabitə, 1,8 faiz səhiyyə, 1,2 faiz təhsil, 10,7 faiz daşınmaz əmlakla bağlı əməliyyatlar (ondan 8,8 faizi mənzil tikintisi) və 3,7 faiz qalan sahələrin payına düşür.

Maliyyələşməsi büdcə vəsaiti hesabına həyata keçirilən obyektlərin tikintisinə dövlət büdcəsində 2009-cu ilə ayrılmış 4718 milyon manatdan 1402,2 milyon manat qoyulub.

Müəssisə və təşkilatların vəsaiti hesabına əsas kapitala 1966,2 milyon manat (investisiyanın ümumi həcmindən 48,2 faiz), bank kreditləri hesabına 186,5 milyon manat (4,6 faiz), büdcə vəsaiti hesabına 1516,7 milyon manat (37,1 faiz), qeyri-büdcə fondlarının vəsaiti hesabına 272 milyon manat (6,7 faiz), əhalinin şəxsi vəsaiti hesabına 140,8 milyon manat (3,4 faiz), digər vəsaitlər hesabına isə 0,3 milyon manat qoyulub.

Avqustun 17-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti