Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir N.İsmayılova/
Fevral ayında Azərbaycan banklarının depozit bazası 0,7 faiz azalıb, 2009-cu ilin fevralı ilə müayisədə isə 6,5 faiz artıb. Bu barədə çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
AMB-nin məlumatına görə, bank depozitlərinin, hüquqi və fiziki şəxslərin əmanətlərinin ümumi həcmi fevralın sonunda fevralın əvvəlində olan 4462,4 milyon manata nisbətən 4430,4 milyon manat təşkil edib. 2009-cu il martın əvvəlində isə bu göstərici 4160,1 milyon manat olub. Ümumi həcmin 1819,5 milyon manatı manat vəsaitinin payına, 2610,9 milyon manatı isə valyutanın payına düşüb.
Fevral ayı ərzində fiziki şəxslərin əmanətləri 1,6 faiz artıb, hüquqi şəxslərin depozitlərinin həcmi isə 3,3 faiz azalıb. 2009-cu ilin fevralı ilə müqayisədə fərdi müştərilərin depozitləri 33,5 faiz artıb, korporativ müştərilərin depozitləri isə 14,4 faiz azalıb.
Fevralın sonunda fiziki şəxslərin ölkənin banklarındakı əmanətlərinin həcmi 2422,8 milyon manat təşkil edib. Fevralın 1-də bu göstərici 2385,8 milyon manat, 2009-cu il martın 1-də isə 1814,8 milyon manat olub.
Yanvarın sonunda hüquqi şəxslərin depozitlərinin həcmi 2007,6 milyon manat təşkil edib. Fevralın 1-də bu göstərici 2076,7 milyon manat, 2009-cu il martın 1-də isə 1814,8 milyon manat təşkil edib.
Aprelin 6-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edib.