Azərbaycan, Bakı, 20 may /Trend/
"Azərbaycan Dəmir Yolları" QSC Osmanlı - Azadkənd sahəsində 10 km-lik çökmüş dəmir yolunu bərpa edir. QSC tərəfindən cümə axşamı yayılan məlumatda belə deyilir. Dəmir yolu Kür çayının daşmasından yaranan sel nəticəsində çöküb.
Daşqınların nəticələrinin aradan qaldırılması üçün yolun bərpası və Osmanlı - Azadkənd dəmir yolunun 15-ci kilometrliyində körpünün tikilməsinə dair layihə hazırlanır.
Şurvan - Osmanlı və Azadkənd sahələrində iki ədəd 2 000 millimetrlik dəmir-beton boruların tikilməsi, üst elementlərin quraşdırılması (relslər, şpallar, bərkidicilər və ballast təbəqəsi), 10 km-lik sahədə birtərəfli çökmələrin aradan qaldırılması, rabitə sisteminin və kənar elektrik xətlərinin bərpası nəzərdə tutulub.
Həmçinin, daşqınlar nəticəsində mayın 9-dan başlayaraq Şirvan - Astara istiqamətində qatarların hərəkəti dayandırılıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün burada, həmçinin, işlər aparılır.