...

Azərbaycan ÜTT-yə işçi qrupunun ayrıca iclaslarının keçirilməsini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2010 17:05 (UTC +04:00)
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olan ölkələrə xidmətlər üzrə işçi qrupunun ayrıca iclaslarının keçirilməsini təklif edib. Həmin xidmətlər üzrə təkliflər artıq ÜTT Katibliyinə göndərilib.
Azərbaycan ÜTT-yə işçi qrupunun ayrıca iclaslarının keçirilməsini təklif edir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olan ölkələrə xidmətlər üzrə işçi qrupunun ayrıca iclaslarının keçirilməsini təklif edib. Həmin xidmətlər üzrə təkliflər artıq ÜTT Katibliyinə göndərilib. Bu barədə cümə günü danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Xidmətlər üzrə təkliflər artıq ÜTT Katibliyinə göndərilib, ona görə də bizim əsas vəzifəmiz ikitərəfli danışıqlara keçmək və işçi qrupunun iclaslarına başlamaq üçün mallar üzrə təkliflərin hazırlanmasını başa çatdırmaqdır. Danışıqların növbəti mərhələsinin keçirilməsi müddəti Azərbaycan tərəfinin mallar üzrə təkliflərin təqdimatını başa çatdırmasından asılıdır. Əgər ÜTT üzvü olan ölkələr bizim təkliflərimizi qəbul etsələr, biz xidmətlər, daha sonra isə mallar üzrə işçi qruplarının danışıqlarını keçirməyə hazırıq", - Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycana mallar üzrə yenilənmiş təkliflər hələ təqdim olunmayıb.

ÜTT-yə daxil olmağa hazırlıq üzrə hökumət komissiyası ABŞ, Aİ, Yaponiya və Cənubi Koreya üçün xidmətlər sahəsində təkliflər hazırlayıb.

Azərbaycanın hökumət komissiyasının fevral ayındakı iclası zamanı ikitərəfli və çoxtərəfli danışıqların vəziyyətinə, ayrı-ayrı kənd təsərrüfatı malları və balıq məhsulları üzrə tariflər "baund"unun təkmilləşdirilməsi zəruriliyinə baxılıb.

ÜTT işçi qrupu ilə iyul [2009-cu il] görüşündən sonra [çoxtərəfli danışıqların VII mərhələsi] ABŞ və Aİ ilə yanaşı, Avstraliyadan Azərbaycanın tətbiq etməyə hazırlaşdığı daxili dəstək və ixrac subsidiyalarının qrafiki, Braziliyadan tariflərlə bağlı, Cənubi Koreyadan həm tariflər, həm də xidmətlər sahəsi ilə bağlı suallar və şərhlər alınıb.

Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə statusunda daxil olmaq istəyir ki, bu da respublikaya aqrar sektora daha çox maliyyə dəstəyi göstərməyə imkan verəcək. Çünki belə olan halda ölkə subsidiyalaşmanı kənd təsərrüfatında istehsal olunan ümumi məhsulun 10 faizi səviyyəsində qoruyub saxlaya biləcək.

Bu gün Azərbaycanda aqrar sektor üçün subsidiyalaşma orta hesabla 14-15 faiz təşkil edir. Ölkədə kənd təsərrüfatının dəstəyə daha çox ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan ÜTT-yə ABŞ-ın xüsusilə israr etdiyi kimi inkişaf etmiş ölkə statusunda daxil olmaqdan imtina edir. Çünki bu, beş faizədək səviyyədə subsidiyalar əldə etmək imkanı verəcək.

Məhdudiyyətlər kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsində əksini tapan subsidiyalarla bağlı tətbiq edilir, meliorasiya və elmi-texniki işlərə qeyri-məhdud kömək göstərilə bilər.

Beynəlxalq ticarət rejimi məsələləri üzrə bundan əvvəlki danışıqlarda bəzi ölkələr gömrük tariflərinin azaldılmasını, onların bu gün ölkədə gömrük rüsumlarının maksimum dərəcəsi olan 15 faizdən aşağı təyin edilməsini təklif edirlər. Azərbaycan hökumətinin təkliflərində isə əsasən gömrük tarifləri 30 faiz səviyyəsində təklif edilir, daha yüksəkləri də var [Azərbaycanın təklif etdiyi tarif "baundları" gözlənilməz şəraitlərdə, yerli istehsalın qorunması məqsədilə nəzərdə tutulub].

Aİ və ABŞ-la ikitərəfli danışıqlar prosesində tarif öhdəlikləri də əsasdır. Tarif siyasəti ilə yanaşı, onların tələbləri əqli mülkiyyət məsələləri üzrə xidmətlər sahəsinin liberallaşdırılmasına da aiddir. Onlar maliyyə, kommunikasiya sektorlarında, distribüter servisi, paylayıcı sahələrdə bazarların açılmasını təklif edirlər.

Hazırda Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttifaqı, Norveç, Hindistan, Cənubi Koreya, Çinin Tayvan vilayəti ilə danışıqlar prosesindədir. 2009-cu ildə bu siyahıya İsveçrə də qoşulub.

Bu günədək Azərbaycan Türkiyə, Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstanla danışıqları başa çatdırıb və protokollar imzalanıb. Ölkə hələ sənədləri nəzərdən keçirən Moldova ilə protokolun imzalanması mərhələsindədir, Qırğızıstan isə imzalanmaya razılıq verib.

Bu yaxınlarda ÜTT Katibliyi Azərbaycan üzrə işçi qrupunun tərkibini genişləndirib və ora daha 4 ölkə - Ukrayna, Braziliya, Ekvador və İsveçrəni əlavə edib. Nəticədə işçi qrupunun üzvlərinin sayı Aİ-nin 27 ölkəsi də daxil olmaqla 32-yə çatıb.

ÜTT Katibliyi yanında Azərbaycan üzrə işçi qrupu 1997-ci il iyulun 16-da yaradılıb.

Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti