...

İlin əvvəlindən Azərbaycanda 1 284 ton keyfiyyətsiz ərzaq məhsulları və 368,3 ton qeyri-ərzaq malları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 21:00 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunması, keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, eləcə də istehlakçıların və sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.
İlin əvvəlindən Azərbaycanda 1 284 ton keyfiyyətsiz ərzaq məhsulları və 368,3 ton qeyri-ərzaq malları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunması, keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, eləcə də istehlakçıların və sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Oktyabrda 19-da Mingəçevir şəhərində "İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri" mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət qurumları və ictimai təşkilatların nümayəndələri, həmçinin, Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.

Konfransı giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişaf təmin olunub, Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib, əhalinin sosial rifahı daha da yaxşılaşıbr. Əhalinin gəlirlərinin yüksəlməsi insanların müxtəlif mallara və xidmətlərə olan tələbatını artırıb, istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıb.

Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb, bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunub. İsayev bildirib ki, Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlinir. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik götsəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1284 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu ərzaq məhsullarının 267 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 586,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 256,9 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunmuş, 142,9 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir.

Bu dövrdə yuxarıda qeyd edilən səbəblərdən 368,3 ton qeyri-ərzaq malları satışdan çıxarılmış, bu malların 87,9 tonu məhv edilmiş, 220,6 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılmış, 59,8 tonu ilə bağlı araşdırmalar aparılır.

2010-cu ilin yanvar-sentyabr ayları ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1278 qərar qəbul olunmuş və inzibati xətaya yol vermiş şəxslər 1834,1 min manat məbləğində cərimə edilib. İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə də xüsusi əhəmiyyətə malikdir. İstehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalı, sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi sahəsində vəzifələrinə ciddi şəkildə əməl etməlidirlər.

Səhiyyə Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və ictimai təşkilatların nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərin genişləndirilməsinin məqsədəuyğunluğunu, istehlakçıların hüquqlarının qorunmasında sahibkarların üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulamış, istehlak bazarındakı çatışmazlıqların aradan qaldırılması üçün dövlət orqanları, sahibkarlar və istehlakçıların birgə fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr", "Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri", "İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət", "İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti