...

Özbəkistan Azərbaycanda yığılan avtomobillərin tədarük ediləcəyi ilk bazar ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2010 13:01 (UTC +04:00)
Özbəkistan Naxçıvan və Gəncə avtomobil zavodlarının məhsullarının tədarük ediləcəyi ilk bazar ola bilər.
Özbəkistan Azərbaycanda yığılan avtomobillərin tədarük ediləcəyi ilk bazar ola bilər

Özbəkistan, Daşkənd, 6 noyabr /Trend, xüsusi müxbir V.Javoronkova/

Özbəkistan Naxçıvan və Gəncə avtomobil zavodlarının məhsullarının tədarük ediləcəyi ilk bazar ola bilər. Bu barədə Naxçıvan Avtomobil Zavodunun (NAZ) texniki təchizat şöbəsinin direktoru Cavad İsmayılov şənbə günü Daşkənddə keçirilən Azərbaycanın Milli sərgisində deyib.

"Sərgidə nümayiş olunan modellər özbək tamaşaçıların ciddi marağına səbəb olub. Bu, Özbəkistanın avtomobil bazarının o qədər də rəngarəng olmaması, eləcə də avtomobillərimizin az yanacaq sərf etməsi ilə əlaqədardır", - İsmayılov qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan və Gəncə avtomobil zavodlarının məhsullarının ixracı üçün ciddi problem avtomobil ixracına olan yüksək gömrük rüsumları ola bilər.

"Avtomobillərimizin ixracı üçün rüsumların azaldılması barədə razılıq əldə olunarsa, bizim Özbəkistana yüzlərlə avtomobil tədarük etmək imkanımız olacaq", - İsmayılov qeyd edib.

Onun sözlərinə görə, sərgidə Naxçıvanda istehsal edilən iki NAZ Lifan 320 və NAZ Lifan 620 minik avtomobili, eləcə də Gəncədə istehsal olunan zibilyığan texnika nümayiş olunur.

Naxçıvan Avtomobil Zavodunun tikintisi 2008-ci ildə başlayıb. O, cari il yanvarın 11-də istismara verilib.

2009-cu ilin mayında Pekində keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində NAZ və "Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co., Ltd" Avtomobil Korporasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə "Lifan" markalı minik avtomobillərinin Naxçıvanda yığılmasını nəzərdə tutur.

Zavodda Almaniya, Belçika və İtaliya istehsallı avadanlığının son modellərindən istifadə olunur. Zavodun ümumi ərazisi 2,6 hektar təşkil edir.

Zavodun gücü ildə beş min avtomobil istehsalından ibarətdir. Zavod işinin birinci ilində min ədəd avtomobil istehsal etməyi planlaşdırır. Zavodda yerli əlalidən 50 nəfər işləyir. Avtomobillərin yığımı Çin mütəxəssislərinin nəzarəti ilə aparılır.

Fəaliyyətinə 2004-cü ildə başlayan Gəncə Avtomobil Zavodu Minsk avtomobil və traktor zavodlarının istehsalı olan avtomobil və traktorları, o cümlədən Almaniyanın "Haller" şirkəti ilə müqavilə çərçivəsində kommunal texnikanı yığır.

Azərbaycanda Minsk avtomobil və traktor zavodlarının istehsalı olan yük avtomobillərinin və traktorların yığılması və satışına dair müqavilə 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb.

Xəbər lenti

Xəbər lenti