Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir N.İsmayılova/
2011-ci ildə Azərbaycanda taxıl istehsalı minimum 2,5 milyon tona qədər artırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.
"Azərbaycanda taxıla tələbat ildə üç milyon ton təşkil edir. 2010-cu ildə iki milyon ton istehsal olunub, bir milyon tonu isə idxal etmişik. 2011-ci ilə minimum 2,5 milyon ton taxıl istehsalı ilə bağlı planlarımız var, belə ki əkin sahələrimizi 2010-cu illə müqayisədə 6,6 min hektar genişləndirmişik", - Əliyev deyib.
Onun sözlərinə görə, əkin sahələrinin artırılması nəticəsində 915 min hektar sahə əkilib, onun 660 min hektarına buğda, 255 min hektarına isə arpa əkilib.
"Azərbaycan taxılı əsasən Qazaxıstandan idxal edir, belə ki orada istehsal olunan buğda yüksək keyfiyyətli məhsuldur", - o, deyib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2011-ci ildə ölkədə 2009-cu ilin 2,988 milyon ton göstəricisinə nisbətdə 2 milyon ton taxıl və paxlalı bitkilər istehsal olunub. Onun 1,309 milyon tonu buğdanın payına düşür ki, bu da 2009-cu il göstəricisindən 38,9 faiz aşağıdır.