...

Əhalinin maliyyə savadlılığının artırılması Azərbaycanın maliyyə sektorunun gəlirinin çoxalmasına xidmət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2011 15:26 (UTC +04:00)
Əhalinin maliyyə savadlılığının artırılması Azərbaycanın maliyyə sektorunun gəlirinin çoxalmasına xidmət edir

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir N.İsmayılova/

Əhalinin maliyyə savadlılığının artırılması Azərbaycanın maliyyə sektorunun gəlirinin çoxalmasına xidmət edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev maliyyə savadlılığı mövzusuna həsr edilən simpoziumda deyib.

Simpozium Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Bankları Fondu və Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən təşkil edilib.

"Maliyyə savadlılığının artması banklarda müştərilərin sayının artmasına xidmət edir. Çünki əhalinin əksəriyyətinin bank hesabları yoxdur, müxtəlif maliyyə institutları tərəfindən təqdim edilən maliyyə xidmətləri haqqında məlumat vermək lazımdır", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, bu yaxınlarda ABTM Azərbaycanın 28 bankının rəhbəri ilə danışıqlar aparıb və mart-apreldə bank sektoru üçün böyük forumun keçirilməsi barədə qərar qəbul edilib.

"Forumun mövzusu seçilən zaman 28 bankdan doqquzu tədbirin xərclərin idarə edilməsinin effektivliyinin artırılması məsələlərinə həsr edilməsini dəstəkləyiblər. Bu, adı çəkilən mövzunun aktuallığından xəbər verir", - o, bildirib.

Abdullayevin sözlərinə görə, ölkə banklarının çox hissəsi hazırda pərakəndə sektorun kreditləşdirilməsinə və bununla eyni zamanda onun ümumi portfeldə payının artmasına üstünlük verirlər, əhali və bankların maliyyə savadlılığını artırmaq lazımdır.

"Hazırda ölkədə Mərkəzi Bank yanında yalnız bir kredit reyestri var, özəl reyestrin yaradılması üzrə də danışqılar aparılır. Lakin bu da kifayət etmir. Çünki bəzən banklar buna əhəmiyyət vermirlər və məlumatları tam göndərmirlər. Bundan başqa, reyestr lizinq və sığorta şirkətlərini, kredit verən digər maliyyə təşkilatlarını əhatə etmir. Bu da müştərinin tam kredit tarixinin müəyyənləşdirilməsi prosesini çətinləşdirir", - o, qeyd edib.

Abdullayevin fikrincə, əhalinin maliyyə savadlılığının artırılmasına görə orta və ali məktəblərin şagird və tələbələri üçün kurslar təşkil etmək, eləcə də təhsil üzrə elektron portal yaratmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti