...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımı ilə mübarizə aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Mart 2011 01:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti son zamanlar istehlak bazarında bəzi ərzaq mallarının qiymətinin artmasıyla əlaqədar süni qiymət artımının qarşısını almaq üçün müvafiq tədbirlər görür. Bu barədə bazar ertəsi Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, Novruz Bayramı ilə əlaqədar tələbatın yüksəlməsi qiymət artımı meyllərini gücləndirib. Araşdırmalar göstərib ki, bir sıra hallarda qiymət artımı dünya bazarında ərzaq mallarının qiymətinin artması ilə bağlı olsa da, bəzi hallarda süni qiymət artımı hesabına baş verir.

Belə halların qarşısının alınması məqsədilə Dövlət Xidməti bir sıra tədbirlər həyata keçirir. Belə ki, Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır, qiymət artımının səbəbləri araşdırılır və müvafiq tədbirlər görülür.

Görülmüş tədbirlər nəticəsində artıq bir sıra mallar üzrə qiymətlərin aşağı düşməsi müşahidə olunur. Belə ki, son günlər yerli istehsal olan qarğıdalı və günəbaxan yağının, şəkər və şəkər tozunun qiymətində 5%-dək, sitrus meyvələrinin qiymətində isə 15-20%-dək ucuzlaşma qeydə alınıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirib ki, tədbirlər mütəmadi olaraq davam etdiriləcək və bir daha xəbərdarlıq edib ki, qiymətlərin süni şişirdilməsi, qiymətlərlə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti