...

AYİB və DEG "Unibank"ın konvertasiya olunan istiqrazlarına abunə yazılıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2011 12:03 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və DEG - "Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH", "KfW Bankengruppe"nin üzvü, Azərbaycanın ən iri özəl kommersiya banklarından biri olan "Unibank" tərəfindən buraxılan konvertasiya olunan istiqrazlara abunə yazılıblar.
AYİB və DEG "Unibank"ın konvertasiya olunan istiqrazlarına abunə yazılıblar

Azərbaycan, Bakı, 30 mart /Trend/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və DEG - "Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH", "KfW Bankengruppe"nin üzvü, Azərbaycanın ən iri özəl kommersiya banklarından biri olan "Unibank" tərəfindən buraxılan konvertasiya olunan istiqrazlara abunə yazılıblar. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

AYİB 17,5 milyon ABŞ dolları dəyərində konvertasiya olunan istiqraz əldə edib, DEG isə 7,5 milyon ABŞ dolları dəyərində istiqraza abunə yazılıb. Konvertasiya olunan istiqrazlar ilk dəfədir ki, ölkədə emissiya olunur və bankın kapital bazasının gücləndirilməsi, eləcə də, uzunmüddətli likvidliyin təmin olunması üçün nəzərdə tutulub. Bu sövdələşmə "Unibank"a, kiçik və orta müəssisələrin və pərakəndə müştərilərin kreditləşdirilməsi də daxil olmaqla, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsini davam etdirmək imkanı verəcək.

"Dünya bazarlarının tədricən bərpa olunmasına baxmayaraq, makroiqtisadi mühit hələ də kövrəkdir, uzunmüddətli maliyyələşdirmə isə məhduddur. Bu şəraitdə konvertasiya olunan istiqrazlar, nəinki "Unibank"a maliyyə dəstəyi verən, həm də kredit portfeli keyfiyyətinin potensial pisləşməsinə qarşı kapital ehtiyatı qismində çıxış edə biləcək bir maliyyə alətidir. Konvertasiya komponenti bu buraxılışın innovativ komponentidir və yerli maliyyə bazarlarının inkişafına dəstək verəcəkdir", - AYİB-in Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə maliyyə təşkilatlarının direktoru Mark Teylor bildirib.

"Bu yenilikçi maliyyə aləti sayəsində "Unibank" təkrar maliyyələşdirilmə strukturunu gücləndirərək sonrakı inkişaf üçün kifayət qədər vəsait əldə edəcəkdir. İstiqrazların konvertasiya olunması sərmayədarlara onaları, zərurət olduqda, Bankın səhmlərinə dəyişmək imkanı verir. Bu xüsusiyyət, istiqrazları hər iki tərəf üçün - yəni həm "Unibank", həm də investorlar üçün cəlbedici edir", - DEG-də maliyyə təsisatları üzrə departament rəhbəri Andreas Tsaysler şərh verib.

"Biz xüsusi ilə fəxr edirik ki, Azərbaycanın bank bazarında qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsinə yenidən imza atırıq. "Unibank" yerli bazara, bu sahədə ilk dəfə olaraq, konvertasiya olunan istiqrazlar gətirir. Bu, beynəlxalq sərmayədarların Banka bəslədiyi etimada daha bir sübutdur. Çox sevinirik ki, cəlb etdiyimiz vəsaitlər ölkədə kiçik və orta biznesinin maliyyələşdirilməsinə yönələcək", - "Unibank" idarə heyətinin sədri Faiq Hüseynov bildirib.

"Unibank" aktivlər baxımından Azərbaycanın aparıcı on bankı sırasına daxildir. 2010-cu ilin sonuna bankın aktivləri və xalis kredit portfeli, müvafiq olaraq, 465 milyon və 329 milyon ABŞ dollarını ötüb. Həmin tarix üçün bankın səhmdar kapitalı isə, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 56 milyon ABŞ dollarına bərabər idi.

AYİB ilə "Unibank" arasında əməkdaşlıq 2003-cü ildə, pay maliyyələşdirilməsindən və müxtəlif kreditlərin verilməsindən başlanıb. Hazırda AYİB "Unibank" ASC səhmlərinin 15 faizinin sahibidir və bu günə banka ümumi məbləği 26,7 milyon ABŞ dollarına bərabər olan məbləğdə kreditlər ayırıb. DEG "Unibank"la əməkdaşlığı 2005-ci ildə başlayıb və indiyə qədər Banka 26,3 milyon ABŞ dolları məbləğində kreditlər vermişdir. DEG "Unibank" ASC səhmlərinin 8 faizinin sahibidir.

AYİB Azərbaycanda əməliyyatlara 1991-ci ildə ölkənin müstəqillik əldə etdiyi andan başlamışdır və o vaxtdan bəri ölkəyə 1.6 milyard ABŞ dolları həcmində sərmayə yatırmışdır. Bankın fəaliyyəti maliyyə sektorunda, neft-qaz sənayesindən kənar olan real iqtisadiyyatda və ölkənin infrastrukturunun inkişafında cəmlənib.

DEG-in Azərbaycanda fəaliyyəti maliyyə sektorunda cəmlənib. DEG-in ümumi sərmayə portfeli 57,4 milyon ABŞ dollarından artıqdır.

Xəbər lenti

Xəbər lenti