...

BƏƏ nümayəndə heyəti Qəbələdə bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2011 19:50 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsurinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Qəbələdə bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.
BƏƏ nümayəndə heyəti Qəbələdə bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub

Azərbaycan, Bakı, 4 may /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsurinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Qəbələdə bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Gilan" piano fabrikinin fəaliyyəti ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də sənayenin inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ölkədə ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri də yaradılır və "Gilan" piano fabriki belə müəssisələrdəndir. Regionda analoqu olmayan və beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Fabrikdə dünyada məşhur olan "Beltmann" markalı pianolar istehsal edilir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır. Fabrikdə ildə 1000 piano istehsalı nəzərdə tutulur.

Daha sonra qonaqlar Qəbələdə meyvə və tərəvəzin saxlanması üçün tikilmiş soyuducu anbarla tanış olublar. Bildirilib ki, ümumi sahəsi 7800 kvadratmetr olan və 3 hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanması xüsusi texnologiya ilə həyata keçirilir.

Qonaqlar Qəbələ konserv zavodunda da olublar. Məlumat verilib ki, müəssisədə müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Zavodda müxtəlif növ meyvə püreləri, konsentratlar, şirələr, turşular, mürəbbələr, cemlər istehsal edilir. Müəssisənin məhsulları dünyanın 30 ölkəsinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilir.

Ərəbistanlı qonaqlar Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişafdan, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluqlarını ifadə ediblər.

Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Qəbələnin görməli yerləri, füsunkar təbiəti ilə də tanış olub, onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilib.

Xəbər lenti

Xəbər lenti